...

Ermənistan və Türkiyə prezidentləri böyük siyasi riskə gediblər – ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2008 11:38 (UTC +04:00)
Ermənistan və Türkiyə prezidentləri böyük siyasi riskə gediblər – ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri

Ermənistan və Türkiyə prezidentləri Serj Sarkisyan və Abdulla Gül böyük siyasi riskə gediblər və cəsarət nümayiş etdiriblər. "Novosti-Armeniya"nın verdiyi xəbərə görə, bu barədə dünən ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Gülün bu yaxınlarda Yerevana etdiyi səfər və "Qafqazda stabillik və təhlükəsizlik platforması"nın yaradılması təşəbbüsünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyənin təşəbbüsü olduqca konstruktivdir. "Mən Ermənistan və Türkiyə arasındakı münasibətlərin yaxşılaşmasını alqışlayıram", - deyə Brayza bildirib.

Türkiyə prezidenti Gül Ermənistan prezidenti Sarkisyanın dəvəti ilə iki ölkənin futbol üzrə yığma komandalarının oyununda iştirak etmək üçün Yerevana səfər edib. Səfər zamanı dövlət rəhbərləri ikitərəfli münasibətlərin qaydaya salınması imkanlarını müzakirə ediblər.

Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər yoxdur, Ermənistan-Türkiyə sərhədi isə rəsmi Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır.

Türkiyə ikitərəfli münasibətlərin yoluna qoyulması üçün Ermənistanın Birinci Dünya Müharibəsi illərində Osmanlı imperiyası tərəfindən törədildiyi iddia edilən "soyqırım"ın beynəlxalq səviyyədə tanınması siyasətindən əl çəkməsi, Ermənistan tərəfindən Türkiyə sərhədlərinin tanınması kimi bir sıra şərtlər irəli sürür.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri bildirib ki, Ermənistan və Türkiyə arasındakı münasibətlərin dəyişməsinə baxmayaraq, nizamlanmanın baza prinsipləri üzərində işi başa çatdırmaq lazımdır.

"Ermənistan ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması müsbət haldır, çünki mənim zənnimcə, belə aşkarlıq mühiti sağlamlaşdırır və deməli, Ermənistan danışıqlarda daha açıq ola bilər. Ola bilsin ki, səhv edirəm, lakin mən buna ümid bəsləyirəm", - deyə Brayza bildirib.

Xəbər lenti

Xəbər lenti