Azərbaycan, Bakı, 29 oktyabr/ Trend , müxbir R.Novruzov/ Ermənistan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla deyil, siyasi-diplomatik yolla nizamlanmasını yeganə üsul hesab edir. Bu barədə adıçəkilən ölkənin xarici işlər naziri Edvard Nalbəndyan bildirib.
"İstənilən müharibədən, istənilən hərb yolu ilə həlldən sonra diplomatlar hər necə olursa, olsun danışıqlara başlamalıdır, lakin artıq daha ağır şərtlərlə. Elə isə, nə üçün hazırda aparılan danışıqları davam etdirməyək?", - deyə Ermənistanın xarici işlər naziri BBC-nin Rusiya xidmətinə müsahibəsində bildirib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
"Biz danışıqları məhz ATƏT-in Minsk Qrupu çərçivəsində və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yardımı ilə davam etdirməyi düşünürük", - deyə Nalbəndyan bildirib. Ermənistanın xarici işlər nazirinin fikrincə, bu format özünü doğruldub və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Nalbəndyan başqa bir format düşünməyə lüzum olmadığını və Minsk Qrupu formatının təsirli və səmərəli olduğunu hesab edir.
Onun sözlərinə görə, Ermənistan indiyədək Dağlıq Qarabağın tanınmasına getməyib, baxmayaraq ki, bu kimi məqamlar olub, lakin Yerevan hesab edir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi danışıqlar mərhələsindədir və bu danışıqlar kompromisli həllə gətirib çıxaracaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend