...

ATƏT-in Minsk Qrupunun həmsədrləri məsuliyyətsiz bəyanatlarını dayandırmalıdırlar -parlamentin sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2008 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin sədri Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrlərini problemin həllini çətinləşdirən məsuliyyətsiz bəyanatlarını dayandırmağa çağırıb.

"ATƏT-in Minsk Qrupunun bəzi həmsədrlərinin məsuliyyətsiz bəyanatları narahatlıq yaradır və münaqişənin həllinə xidmət etmir", - bu barədə parlamentin sədri Oqtay Əsədov çərşənbə günü Yunanıstanın ATƏT-dəki daimi nümayəndəsi səfir Mara Marinakinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Trend - un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988 - ci ildən başlayıb, 1991- ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Minsk Qrupunun fransalı həmsədri Bernar Fasyenin Ermənistanda səfərdə olarkən bildirib ki, "Dağlıq Qarabağ xalqı mövcudur və danışıqlarda Dağlıq Qarabağın tərəf kimi iştirakı vacibdir".

Əsədov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bölgənin iqtisadi dirçəlişinə və qlobal layihələrin reallaşmasına maneçilik törədir.

"Biz problemin BMT Nizamnaməsində, Helsinki Yekun Aktında təsbit olunan prinsiplər əsasında həllinə tərəfdarıq. Ermənistan münaqişə ilə bağlı beynəlxalq qurumların qəbul etdiyi sənədlərə və prinsiplərə məhəl qoymamaqda davam edir", - deyə spiker əlavə edib.

Parlamentin sədri ümid edir ki, yaxın vaxtlarda Minsk Qrupuna həmsədrlik edəcək Yunanıstan məsələyə obyektiv yanaşacaq, problemin ölkələrin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun, ədalətli həlli üçün səylərini əsirgəməyəcək.Əsədov deyb ki, Azərbaycan Avratlantik strukturlara inteqrasiya sahəsində Yunanıstanın dəstəyinə böyük önəm verir.Onun fikrincə, iki ölkə arasında iqtisadi, mədəni, humanitar sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar var: "Azərbaycan Cənubi Qafqazda sərmayə üçün ən cəlbedici ölkələrdən birinə çevrilib və Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə öz layiqli töhfəsini verməkdədir".Səfir Mara Marinakin bildirib ki, Yunanıstan regional münaqişələrin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti