...

Dağlıq Qarabağ münaqişəsinin həlli uzun sürən prosesdir - Crisis Group proqramlarının direktoru

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Yanvar 2009 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir E.Rüstəmov/ Beynəlxalq Böhran Qrupunun (Crisis Group) Avropa proqramlarının direktoru Sabina Freyzer ilə Trend - un müsahibəsi 

- 2009 - cu ildə Ermənitstan - Azərbaycan  Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündürmü?

-  Münaqişənin nizamlanmasına açar Azərbaycan və Ermənistanın liderləri və xalqıdır. Bu, ilk növbədə, qarşılıqlı münasib güzəştli həll variantları tapmalı olan azərbaycanlılar və ermənilər, o cümlədən Dağlıq Qarabağ əhalisidir. Bu həll, sülh danışıqları yolu ilə, stabil, sabit və ədalətli sülhün təmin edilməsi üçün, münaqişədə bütün maraqlı tərəflərin əsas maraqları və insan haqları nəzərə alınaraq əldə olunmalıdır. 

Xarici oyunçular, istər ATƏT-in Minsk Qrupu, istərsə də ayrı-ayrı dövlətlər, münaqişə dinamikasının formalaşdırılması və sülhün əldə olunmasında tərəflərə yardım məsələsində yalnız ikinci dərəcəli rol oynaya bilər. Biz 2009-cu ildə sülh sazişinin imzalanma ehtimalını tam istisna edə bilmərik. Lakin Ermənistan və Azərbaycan sülh sazişi imzalasa belə, Dağlıq Qarabağ və digər ərazilərdə sülh şəraitində yaşamağa alışmalı olan azərbaycanlılar və ermənilər arasında inamın möhkəmləndirilməsi üçün illər lazımdır. Odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli uzun sürən prosesdir.

Biz 2009-cu ildə sülh yolunda əhəmiyyətli tərəqqi ehtimalını istisna edə bilmərik. Həm Ermənistan, həm də Azərbaycan Madrid prinsipləri əsasında ATƏT-in Minsk Qrupunun dəstəyi ilə danışıqları davam etdirir. Gürcüstanda avqust böhranı beynəlxalq ictimaiyyət üçün Cənubi Qafqazda mövcud münaqişələrin tezliklə həlli vacibliyini artırıb. Noyabrda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin imzaladıqları Moskva Bəyann aməsi daha çox Gürcüstandakı müharibədən sonra Rusiyanın beynəlxalq imicini yaxşılaşdırmaq cəhdi kimi qəbul olunsa da, o, 1994 - cü ildən bəri Azərbaycan və Ermənistan arasında imzalanan və münaqişənin siyasi yolla nizamlanmasını nəzərdə tutan ilk sənəd oldu.

Türkiyə də Qafqazda öz regional gücünü genişləndirir. Ermənistan -Türkiyə münasibətlərinin normallaşması Dağlıq Qarabağ üzrə sülh prosesinə müsbət təsir göstərir. Bu halda, son nailiyyətləri nəzərə alsaq, ehtiyatlı nikbinliyə bəzi əsəslar var. Lakin, bayaq qeyd etdiyim kimi, Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb problemlərin həlli  - uzun sürən prosesdir və  onun tam həlli on ildən az vaxt aparmayacaq. Bu prosesin başlanması üçün bütün tərəflərin rəhbərlərinin  əhali arasında "Madrid prinsipləri" barədə düzgün anlayış yaratmaları və iki ölkə ictimaiyyəti arasında etibarın möhkəmləndirilməsi tədbirlərini təşviq etmələri olduqca vacibdir.

  -- Sizin  fikrinizcə, hərbi əməliyyatların bərpası mümkündürmü?

-- Münaqişə nizamlanmayıbsa və iki ordu arasında səngərlərdə atışma qeydə alınırsa, müharibə hər an başlaya bilər. Gürcüstandakı avqust müharibəsi regionda status-kvonun nə dərəcədə kövrək olduğunu göstərdi. Lakin müharibənin bərpasının nə qədər fəlakətli nəticələrə gətirb çıxara bilməsi baxımından, onun səmərəsi də oldu. Bu regional və Avropa təhlükəsizliyinin təmin edilməsi üzrə 2008 - ci ildə Gürcüstanda baş verən müharibədən daha böyük problem kəsb edən Dağlıq Qarabağda analoji ssenarinin təkrarlanmaması üçün, Azərbaycan və Ermənistan liderlərinin çiyninə xüsusi məsuliyyət qoyur. Azərbaycan və Ermənistan liderləri beynəlxalq ictimaiyyət tərəfindən Cənubi Qafqaza göstərilən gücləndirilmiş diqqətdən  faydalanmalı və sülh yolu ilə nizamlanmaya nail olmaq üçün onların yardımından istifadə etməlidirlər.

  -- Necə düşünürsünüz, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə çərçivə sazişi layihəsində hansı prinsiplər razılaşdırılmamış qalıb?

-- 2007- ci ilin noyabrında ATƏT-in Madrid sammitində Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə rəsmi şəkildə təqdim olunmuş Minsk Qrupunun təklifləri bugünkü danışıqların əsasını təşkil edir. "Baza prinsipləri" kimi də tanınan bu təkliflər - Praqada 2004 - cu ildən Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin "Paris prosesi" adlandırılan bir sıra görüşlərinin nəticəsidir.  Bu təkliflər məlumdur və əvvəllər Böhran Qrupunun "Sülh Planı" (2005) "Riskli müharibə" (2007) müvafiq məruzələrində işlənib.

Bu təkliflər sülh prosesinin son mərhələsində ümumxalq səsverməsi yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsini, bundan sonra güc tətbiqindən imtina, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən tədricən çıxarılması və məcburi köçkünlərin öz torpaqlarına qayıtması, ticarət və əlaqələrin bərpa olunması da daxil olmaqla, bütün qalan etibar tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.

Lakin tərəflərin Kəlbəcər və Laçın rayonlarının qaytarılması, Dağlıq Qarabağın yekun statusunu müəyən edəcək səsvermənin formaları və səsvermə keçirilənədək Azərbaycan məcburi köçkünlərinin Dağlıq Qarabağa qaytarılması məsələləri kimi əhəmiyyətli fikir ayrılıqları var. Minsk Qrupu hazırda Azərbaycan və Ermənistan liderləri tərəfindən "Baza prinsipləri"nin imzalanması məqsədilə, münaqişə tərəfləri ilə  qalan fikir ayrılıqlarının aradan qaldırılması məsələsini işləyir.

Beynəlxalq Böhran Qrupu hesab edir ki, Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması üzrə "Madrid prinsipləri" onun sülh yolu ilə həlli üçün ən yaxşı çərçivədir.

Azərbaycanda bu təkliflərlə bağlı səhv məlumatlar və şablon təfəkkür tipləri yayılıb. Guya bu təkliflər Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qanuniləşdirilməsi məqsədilə gizli sövdələşmə ifadə edir. Analoji əndişə Ermənistanda da mövcuddur.

Azərbaycan və Ermənistan rəhbərlərinin Minsk Qrupunun təklifləri ilə bağlı ölkələrinin ictimaiyyətinə məlumat verməsi və onlarla məsləhətləşmələr aparması olduqca vacibdir. Sülh prosesində tərəqqiyə nail olmaq üçün vətəndaşların daha çox  məlumatlandırılması  və azərbaycanlı və ermənistanlı həmkarlarla müzakirələrin aparılması olduqca vacibdir.

   -- KİV - də  Ermənistana təqribən 800 milyon dollar məbləğində Rusiya silahlarının verilməsi barədə məlumat yayılmışdı. Necə hesab edirsiniz, belə hərəktlər sülh prosesinin pozulmasına gətirib çıxara bilərmi?

-- Mən bu barədə Azərbaycanın kütləvi informasiya vasitələrində oxumuşam və hazırkı mərhələdə bu problem barədə mühakimə yeritmək mənə çətindir. Rusiya tərəfi bu məlumatı təkzib edir, bizim isə, bu iddialara sübutumuz yoxdur. Lakin doğru olarsa, bu fakt, şübhəsiz ki, Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri və Dağlıq Qarabağ münaqişəsində qərəzsiz vasitəçi qismində mövqeyini korlayır. Silah ötürülməsi BMT Təhlükəsizlik Şurasının 853 saylı Qətnaməsinə (1993)  də ziddir. Bu Qətnamə dövlətləri qəti surətdə "münaqişənin eskalasiyası və ya ərazilərin işğalının davam etdirilməsinə gətirib çıxara biləcək istənilən silah və döyüş sursatlarının tədarükündən çəkinməyə" çağırır.

Böhran Qrupu hesab edir ki,  Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, həm Ermənistana, həm də Azərbaycana istənilən silah tədarükü gələcəkdə hərbiləşdirilməyə gətirib çıxarır,  yalnız sülh prosesinin pozulmasına və onsuz da az olan ehtiyatların əhalinin maraqları üçün istifadə edilməməsinə xidmət edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti