Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir C.Babayeva/ Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın xarici ölkələrdə təmsil olunduğu 50-yə yaxın səfirlik, konsulluq və nümayəndəliklərində Xocalı faciəsinin 17-ci ildönümü qeyd olunacaq.
Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım mərasimləri Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Tbilisi və başqa şəhərlərdə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur, - cümə axşamı Trend -a Heydər Əliyev Fondundan məlumat verilib.
Anım mərasimlərində Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-şəkillər, Fondun ümumtəhsil məktəblər və uşaq evlərində keçirdiyi "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar nümayiş etdiriləcək. Mərasimlərdə həmçinin Fondun hazırladığı "Qarabağ həqiqətləri" toplusunun və "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabının nümayişi də nəzərdə tutulub.
"Qarabağ həqiqətləri" toplusu kiçik formatda Qarabağın tarixi, münaqişənin başlanması, Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı məlumat almağa imkan verir. Toplu ingilis, fransız, rus, alman və macar dillərində çap olunaraq bir çox xarici ölkələrdə yayılıb.
İngilis dilində hazırlanmış "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabı oxuculara milli tarixi abidələrimizə qarşı ermənilərin törətdiyi vandalizm aktları barədə ətraflı məlumat verir.
Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]