...

Dövlət Komissiyası erməni hərbçilərinin Azərbaycan tərəfinə əsir düşməsi faktını təsdiqləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2009 14:31 (UTC +04:00)
Dövlət Komissiyası erməni hərbçilərinin Azərbaycan tərəfinə əsir düşməsi faktını təsdiqləyib

Azərbaycan, Bərdə, 28 fevral / Trend , müxbir Ş.Cəliloğlu / Üç erməni hərbçisinin Azərbaycan tərəfinə əsir düşməsi faktını Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası təsdiqləyib.

Komissiyanın katibi Şahin Sayılov hadisənin hansı şəraitdə baş verməsi barədə açıqlama verməyib.

Trend -un bölgə müxbirinin məlumatına görə, erməni hərbçiləri ötən gecə saat 1-2 radələrində Ağdamın Evcidüzü adlanan ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün Zümrüd Əliyevanın evinin yaxınlığına gələrək rus dilində ondan çörək istəyiblər.

Əliyeva onların öz aralarında erməni dilində söhbət etdiklərini eşidib və bu barədə yaxınlığdakı hərbi hissənin əsgərlərinə məlumat verilib.

Bundan sonra Azərbaycan hərbçiləri erməni əsgərlərini saxlayıb.

Erməni hərbçiləri deyiblər ki, səhhətlərində problem olduğuna görə, tibb məntəqəsinə getsələr də onları müayinə etməyiblər və incidiblər. Bundan sonra isə Azərbaycan tərəfə keçiblər.

Onlardan biri Yerevandan və muzdlu hərbi xidmətdə olduğunu deyib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin mətbuat xidmətindən bildirilib ki, istirahət günü olduğundan bu barədə məlumatsızdırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti