...

Nyu-Yorkda Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş seminar keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2009 13:08 (UTC +04:00)
Nyu-Yorkda Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş seminar keçirilib

Azərbaycan, Bakı, 1 mart / Trend müxbir E.Rüstəmov/ Şənbə günü Nyu-Yorkda Türk mərkəzində Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş seminar keçirilib. ABŞ-da "Xocalıya Ədalət" həftəsi çərçivəsində keçirilən tədbir Azərbaycan-Amerika Şurası (AAŞ), Amerika Azərbaycan Cəmiyyəti (AAC) və Türk-Amerika Təşkilatları Federasiyası (TATF) tərəfindən təşkil olunub. Xatırladaq ki, ötən həftə bu himayə altında San-Fransisko, Los-Anceles, Hyuston və Vaşinqtonda tədbirlər keçirilib.

Seminarda AAŞ direktorlar şurasının üzvü, professor Tomas Qolts, TATF rəhbəri Kaya Boztəpə, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Mehmet Samsar, Milli Məclis üzvləri Qənirə Paşayeva və Həvva Məmmədova, Azərbaycanın Ailə, ana və uşaq problemləri üzrə dövlət komitəsinin rəhbəri Hicran Hüseynova, AAC prezidenti Tomris Azəri və AAŞ prezidenti Cavid Hüseynov çıxış ediblər. 100-dən çox insanın iştirak etdiyi tədbirin gedişində Xocalı haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanan sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər bölgədəki sülhün bərqərar olunması üçün Xocalı faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasının zəruriliyini, habelə bəşəriyyətə qarşı olan bu cinayətin Ermənistan tərəfindən qəbul edilməsinin vacibliyini vurğulayıblar.

ABŞ-da AAC və AAŞ tərəfindən koordinasiya olunan "Xocalıya Ədalət" kampaniyası sözügedən faciənin tanınması və bəşəriyyətə qarşı yönələn bu cinayətin günahkarlarının müstəqil beynəlxalq tribunal vasitəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti