Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva /
Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri Rafiq Həsənovun üçüncü ölkəyə keçmək istəməsi ilə bağlı Dövlət Komissiyasına rəsmi sənəd daxil olmayıb, cümə axşamı Trend -a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şain Sailov deyib.
Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu ötən il oktyabrın 8-də Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
Onun Azərbaycan vətəndaşlığından imtina etməsi və üçüncü ölkəyə keçmək istəməsi ilə bağlı bir müddət əvvəl Ermənistanın kütləvi-informasiya vasitələri məlumatlar yayıb.
Həmin məlumatların doğru olmadığını deyən Sailov bildirib ki, əsirin üçüncü ölkəyə keçmək istəməsi ilə bağlı Dövlət Komissiyasına beynəlxalq təşkilatlardan rəsmi sənəd daxil olmalıdır.
Sailov bildirib ki, azərbaycanlı əsirə beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları mütəmadi baş çəkirlər və bu qurumun Komissiyaya verdiyi məlumata görə, Həsənovun səhhəti yaxşıdır.
Sailovun sözlərinə görə, Komissiya tərəfindən Həsənovun Azərbaycana qaytarılması ilə bağlı bütün zəruri addımlar atılır.
Əsirin atası Rəhman Həsənov oğlunun üçüncü ölkəyə getmək istəməsi ilə bağlı yayılan məlumatları erməni təxribatı kimi qiymətləndirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]