...

Azərbaycanın siyasi partiyaları Dağlıq Qarabağ probleminin həllində keyfiyyətli situasiya yarandığını bildirirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2009 13:12 (UTC +04:00)
Azərbaycanın siyasi partiyaları Dağlıq Qarabağ probleminin həllində keyfiyyətli situasiya yarandığını bildirirlər

Azərbaycan, Bаkı, 20 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın siyasi partiyaları hesab edir ki, Dağlıq Qarabağ probleminin həllində son dövrlər yeni keyfiyyətli situasiya yaradıb.

"Regionun əhəmiyyətinin artması və Azərbaycanın lider dövlətə çevrilməsi münaqişənin nizamlanması prosesini sürətləndirə bilər", - bazar ertəsi Trend -a hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib. 

Trend -un arayışı: Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya aprelin 16-17-də işgüzar səfəri zamanı Rusiya Prezidenti Dmitri Medvedyevlə Dağlıq Qarabağ probleminin həlli yolları müzakirə edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Mirzəzadənin sözlərinə görə, Azərbaycan artıq uzun illərdən bəri davam edən ən ağrılı probleminin həllinə dünyanın diqqətini cəlb edib.

"Problemin həllində əsas oyunçulardan biri də Rusiyadır. Bu dövlətin məsələyə son dövrlər yanaşmasındakı müsbət dəyişiklik təqdirəlayiqdir. Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri zamanı Rusiyanın dövlət başçısı Dmitri Medvedyevlə görüşündə iki ölkə arasında münasibətlərin tam kompleks şəklində nəzərdən keçirilməsi bir daha sübut edir ki, problemin həllinə diqqət həddən artıq artıb", - millət vəkili əlavə edib.

YAP Siyası Şurası üzvünün fikrincə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı xüsusi təşəbbüslə çıxış etməsi diqqəti cəlb edir. "ABŞ-ın da son təşəbbüslərini nəzərdən qaçırmaq olmaz. Prezident Barak Obmanın Türkiyəyə səfərindən sonra dərhal prezident İlham Əliyevə zəng edib, Qarabağ problemindən danışması da ABŞ-ın səylərini davam etdirdiyini təsdiqləyir", - Mirzəzadə qeyd edib.

Millət vəkili deyib ki, əgər Rusiyanın bu məsələnin həllində maraqları bizimlə üst-üstə düşürsə, bunu yalnız alqışlamaq lazımdır. "Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu gün Rusiya Dağlıq Qarabağ problemi nəticəsində özünün müttəfiqi olan Ermənistanın günü-gündən zəiflədiyini hiss edir. Ona görə keyfiyyətcə yeni bir siyasət yeritməyə çalışırlar. Hesab edirəm ki, indi baş verən dəyişiklik problemin həllinin yaxınlaşmasına səbəb olacaq", - Mirzəzadə vurğulayıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

"Dağlıq Qarabağ probleminin həllinə indiyədək müxtəlif vasitələrlə mane olan Rusiya indi mövqeyini dəyişirsə, bunu təqdirəlayiq hal hesab etmək olar", - bazar ertəsi Trend -a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bildirib.

Onun sözlərinə görə, Rusiya həmişə münaqişənin həllində öz maraqlarının təmin olunmasına çalışıb. "Əgər bu dövlətin maraqları dəyişibsə, məsələnin həllinə meyllidirlərsə, təşəbbüsü müsbət qiymətləndirmək lazımdır", - Məmmədov əlavə edib.

АMİP 1992-ci ildə yаrаdılаn və Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gediblər. Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti