Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan iyulun 17-də Rusiya paytaxtında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi üzrə danışıqlar aparıblar. Danışıqların yekun məlumatları barədə mətbuata açıqlanmayıb.
İyulun 18-də Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidenti Dmitri Medvedev ilə üçtərəfli görüşü gözlənilir.
Son il ərzində bu, İlham Əliyev və Sarkisyan arasında altıncı görüşdür. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın əvvəlki görüşü iyunun 4-də Sankt-Peterburqda baş tutub. Həmin görüş Qarabağ münaqişənin nizamlanması üzrə prezidentlər arasında yüksək səviyyədə keçirilən beşinci görüş olub. Ondan əvvəlki görüş mayın 7-də Praqada keçirilib. İlk danışıqlar ötən ilin iyun ayında Sankt-Peterburqda, ikinci görüş 2008-ci ilin noyabr ayının sonunda Moskvada, üçüncü görüş isə Sürixdə bu ilin yanvar ayının 28-də baş tutub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.