Avropa Komissiyası Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün töhfə verməyə hazırdır - Benito-Ferrero Ualdner

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Sentyabr 2009 10:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Avropa Komissiyası Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün töhfə verməyə hazırdır.

"Münaqişənin tezliklə nizamlanması vacibdir və Avropa Komissiyası bu istiqamətdə töhfə verməyə hazırdır", - çərşənbə günü Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Avropa Komissiyasının xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı Benito-Ferrero Ualdner bildirib, cümə axşamı Trend -a XIN-in mətbuat xidmətindən məlumat verilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyini bildirib, nizamlanma prosesinin hazırki vəziyyəti və ölkəmizin müvafiq mövqeyi barədə məlumat verib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Ualdner Aİ-nin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini bildirib, Azərbaycanla mövcud əməkdaşlıq proqramlarının, xüsusilə də Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində əlaqələrin hər iki tərəf üçün böyük fayda gətirdiyini bildirib.

Azərbaycanın Avropanın enerji təminatı üçün vacib ölkə olduğunu vurğulayaraq Aİ-Azərbaycan əməkdaşlığında enerji sektorunun əhəmiyyətini qeyd edən Ualdner Avropa Komissiyasının Azərbaycanla assosiasiya müqaviləsi imzalamaq barədə qərar verdiyini və bu yaxınlarda müvafiq mandatın hazır olacağını bildirib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti