Azərbaycan, Bakı, 26 sentyabr / Trend /
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq və regional təhlükəsizlik üçün böyük təhlükədir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü BMT-nin Baş Assambleyasında çıxışı zamanı bəyan edib.
Nazir xatırladıb ki, hər bir dövlətin müdafiəsinin vacibliyi kollektiv təhlükəsizlik sisteminin yaradılmasına səbəb oldu ki, bunun da əsasını Birləşmiş Millətlər Təşkilatı təşkil edir. "Beynəlxalq münasibətlərdə qanunsuz güc tətbiqi hələ də mövcuddur. Beynəlxalq hüquq normalarının və prinsiplərinin pozulmasının ən parlaq nümunəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasıdır", - Məmmədyarov bildirib.
Ermənistanın törətdiyi təcavüzkarlıq nəticəsində Azərbaycan ərazisinin təxminən beşdə bir hissəsi işğal olunub, təxminən bir milyon insan etnik təmizləmənin qurbanı olaraq qaçqın və məcburi köçkün olub, Azərbaycanın minlərlə tarixi-mədəni abidələri dağıdılıb və talan edilib.
Nazir xatırlatıb ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və başqa ölkənin torpaqlarını işğal etmək istiqamətində güc tətbiq edilməsinin yolverilməzliyini təsdiq edir, həmçinin Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır və Azərbaycanın bütün işğal edilmiş torpaqlarından təcili və şərtsiz olaraq işğalçı qüvvələrin çıxarılmasına çağırır. BMT Baş Assambleyasının 2008-ci il 14 mart tarixli qətnaməsi ilə həmçinin bütün dünya tərəfindən tanınmış sərhədlər çərçivəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə ehtiram ifadə edilir və dəstəklənir.
"Adı çəkilmiş qətnamələrdə əks olunmuş BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının yanaşması Azərbaycanın mövqeyi ilə tam uyğundur, Azərbaycan hazırkı münaqişənin həlli istiqamətində həmişə yeganə mümkün olan mərhələli yanaşmaya tərəf çıxırdı", - Məmmədyarov qeyd edib.
Nazir vurğulayıb ki, bütün işğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılması, həmin ərazilərin bərpa edilməsi və məcburi köçkünlərin Dağlıq Qarabağ regionu və yaxınlıqda olan ərazilərdə öz evlərinə qaytarılması, bütün rabitə xətlərinin açılmasından başlayaraq bir sıra mühüm tədbirlər görülməlidir. "Bütün bunlar münaqişənin nəticələrini aradan qaldırmağa imkan yaradacaq və regionda davamlı sülhün və sabitliyin qurulması istiqamətində yol açacaq. Bu isə Azərbaycan tərkibində Dağlıq Qarabağ regionunun hüquqi statusunun yaradılmasında əlverişli olacaq", - o bəyan edib.
Məmmədyarovun sözlərinə görə, cari nizamlanma prosesi münaqişənin həllində çətinlikdən çıxmağa ümid verir. "Ermənistanın münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tədricən yanaşılmasına razılığı müsbət əlamətdir", - o deyib.
"Azərbaycan Ermənistan rəhbərliyi ilə Cənubi Qafqaz regionunda stabillik və təhlükəsizlik üçün danışıqları davam etdirməyə hazırdır. Bu, ümumi məqsədlər üçün zəngin regional imkanlardan istifadə etməyə şərait yaradacaq", - Məmmədyarov bildirib.