Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir E.Tarıverdiyeva/
Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair Madrid prinsiplərinin yenilənmiş variantı hazırdır və ATƏT-in Minsk qrupunun həmsədrləri onu regiona növbəti səfəri zamanı təqdim edəcək.
"Madrid prinsipləri artıq yenilənib, biz Krakovda (Polşa) ATƏT-in Minsk qrupu həmsədrlərinin iyulun sonunda keçirilən görüşü zamanı bunun üzərində işləmişik", - Trend -a Moskvadan telefonla rusiyalı həmsədr Yuri Merzlyakov bildirib.
Regiona növbəti səfəri zamanı yenilənmiş variant tərəflərə təqdim olunacaq.
İyulun 25-26-da Krakovda ATƏT-in Minsk qrupu həmsədrlərinin işgüzar iclası keçirilib.
Merzlyakovun sözlərinə görə, Minsk qrupunun həmsədrləri bir həftədən sonra Azərbaycana səfər edəcək. Bakıda həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 10-da Kişinyovda planlaşdırılmış görüşünün təşkil edilməsi üzərində işləyəcəklər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]