...

Ankara ilə Yerevan arasında imzalanan protokollar Ermənistana ümid verir, - türkiyəli deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2009 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir R.Hafizoğlu/

Türkiyə Böyük Millət Məclisinin deputatı hesab edir ki, Ankara ilə Yerevan arasında imzalanan protokollar Ermənistana ümid verir.

"Ankara-Yerevan protokollarının imzalanması Ermənistana ümid verir", - deyə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Onur Öymən bazar ertəsi Ankaradan telefonla Trend -a bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ermənistanla imzalanan protokolların oktyabrın 21-də Türkiyə Böyük Millət Məclisində ratifikasiya edilməsi üçün təqdim ediləcəyi gözlənilir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə mətbuatına verdiyi açıqlamada Dağlıq Qarabağ problemi həll olunmadan imzalanan protokolların ölkə parlamentində ratifikasiya edilməyəcəyini bildirib. Türkiyə Prezidenti Abdullah Gül isə ölkənin TRT 1 telekanalına verdiyi açıqlamada Dağlıq Qarabağ probleminin həllində irəliləyiş olduğunu bildirib. Türkiyə Prezidenti onu da qeyd edib ki, Ankaranın Yerevanla diplomatik münasibətləri bərpa etmək istəyi illərdir unudulan və dünyanın siyasi müstəvisindən silinən Dağlıq Qarabağ problemini yenidən gündəmə gətirib. Gülün sözlərinə görə, problemin həlli istiqamətində irəliləyiş var, lakin o, bu məsələdə nə kimi irəliləyiş olduğunu açıqlamaqdan çəkinib. Gül onu da qeyd edib ki, problemin həlli istiqamətində ABŞ və Rusiya da eyni fikirdədirlər.

Öymən onu da qeyd edib ki, Ankara Yerevan protokollarının imzalanması ilə Türkiyə heç nə qazanmayıb.

"Ankara-Yerevan protokollarının imzalanması zamanı Türkiyə Ermənistandan Dağlıq Qarabağ məsələsinin həlli bağlı rəsmi zəmanət almalı idi. Lakin bunu etmədi", - deyə o qeyd edib. Öymən hesab edir ki , Türkiyə hökuməti təzyiqə məruz qalaraq bu protokolları imzalayıb.

"Türkiyə hakimiyyəti Dağlıq Qarabağ problemi həll olunmadan sərhədləri açmayacağına söz verir. Əgər sərhədləri açmayacaqsınızsa, nə üçün protokollar imza atdınız", - deyə o əlavə edib.

Öymənin sözlərinə görə, imzalanan protokollar türk xalqının maraqlarını əks etdirmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti