Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Tarıverdiyeva/
Sabah ATƏT-in Minsk qrupunun rusiyalı və amerikalı həmsədrləri Yuriy Merzlyakov və Robert Bradtke Azərbaycana səfər edəcək. Bu barədə bazar ertəsi XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trendə deyib.
Onun sözlərinə görə, həmsədrlərin yalnız Azərbaycana səfəri nəzərdə tutulub.
Aprel ayının əvvəlində ATƏT-in Minsk Qrupunun həmsədrləri Yerevan və Xankəndiyə səfər edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.