Qeyri-konstruktivlik Ermənistan üçün normal fəaliyyət növüdür – Azərbaycan Parlamentinin vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2010 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti sədrinin müavini hesab edir ki, Ermənistan qeyri-konstruktiv mövqeyini dəfələrlə nümayiş etdirib.

"Ermənistanın Türkiyə ilə imzalanmış protokolların ratifikasıyasını dayandırması bu dövlətin heç bir vədinə sadiq olmadığını bir daha təsdiqləyir", - Trend-in məlumatına görə, çərşənbə günü hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Muradovanın sözlərinə görə, bütün bunları nəzərə alaraq, işğalçı ölkənin bu məsələdə hansı addım atacağını proqnozlaşdırmaq mümkün deyil. O, Ermənistanın müəyyən beynəlxalq güclərin diqtəsi ilə müəyyən qərarlar qəbul edəcəyini istisna etməyib.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra Ankarada verdiyi açıqlamada bildirmişdi ki, bəzilərinin Türkiyə - Ermənistan əlaqələrinin Dağlıq Qarabağ problemindən ayrı olmasını söyləmələrinə baxmayaraq, bu proses Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqəlidir.

Ermənistanın konstitusiya məhkəməsi bu il yanvarın 12-də 2009-cu il oktyabrın 10-u Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanan Ermənistan -Türkiyə protokollarında ("Diplomatik münasibətlərin qurulmasına dair protokol" və "İkitərəfli əlaqələrin inkişafına dair protokol") əks olunan öhdəliklərin ölkənin əsas qanununa uyğun olduğunu təsdiq edib.

Ermənistanın konstitusiya məhkəməsi protokolları qəbul etdikdən sonra, Osmanlı İmperiyası zamanı 1915-ci il hadisələrini araşdıracaq ortaq komissiyaya ehtiyac olmadığını və Ermənistanın "soyqırım"ın qəbul edilməsi tələbindən heç vaxt əl çəkməyəcəyini bildirib.

Ermənistan prezidenti Serj Sarkisyan ötən həftə protokolların ratifikasiyası ilə bağlı prosesin dondurulduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti