Azərbaycan, Bakı, 14 may /Trend, müxbir S.Ağayeva
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupu həmsədrləri ilə iyunun 5-i Venesiyada görüşü olacaq.
"İtaliya şəhərində Venesiya komissiyasının yubiley mərasimi keçiriləcək", - bu barədə nazir E.Məmmədyarov cümə günü Bakıda jurnalistlərə müsahibəsində bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.