...

Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri doğma torpaqlara qayıdacaqlarına inanırlar – icma rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2010 18:59 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icması tezliklə icma üzvlərinin öz doğma evlərinə qayıda biləcəyinə inanır. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşün yekunu üzrə mətbuat konfransında Dağlıq Qarabağın azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Bayram Səfərov belə deyib.
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri doğma torpaqlara qayıdacaqlarına inanırlar – icma rəhbəri

Аzərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Dağlıq Qarabağın azərbaycanlı icması tezliklə icma üzvlərinin öz doğma evlərinə qayıda biləcəyinə inanır. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşün yekunu üzrə mətbuat konfransında Dağlıq Qarabağın azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Bayram Səfərov belə deyib.

"Biz inanırıq ki, üç prezidentin Torontoda əhəmiyyətli bəyanatı və Hillari Klintonun regiona səfəri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gətirib çıxaracaq", - Səfərov qeyd edib.

Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri Kanadada keçirilən "Böyük səkkizlik"in (G8) sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıblar.

Səfərovun sözlərinə görə, azərbaycanlı icmanın Dağlıq Qarabağa qayıtmayacağı və işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməyəcəyi təqdirdə Dağlıq Qarabağın statusunun müəyyən olunmasından söhbət gedə bilməz.

"Həmsədrlərlə danışıqlar zamanı qaçqınların Dağlıq Qarabağa qayıtması məsələsi müzakirə olunub", - Səfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti