...

Ermənistan Qırmızı Xaç Komitəsinin öldürülmüş Azərbaycan əsgərinin meyitinin geri qaytarılması barədə sorğusuna cavab verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2010 16:14 (UTC +04:00)
Ermənistan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Yerevandakı nümayəndəliyinə öldürülmüş Azərbaycan əsgərinin meyitinin Vətəninə qaytarılması barədə sorğuya cavab göndərib.
Ermənistan Qırmızı Xaç Komitəsinin öldürülmüş Azərbaycan əsgərinin meyitinin geri qaytarılması barədə sorğusuna cavab verib

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M.Əliyev/

Ermənistan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Yerevandakı nümayəndəliyinə öldürülmüş Azərbaycan əsgərinin meyitinin Vətəninə qaytarılması barədə sorğuya cavab göndərib. Bu barədə Trend-ə BQXK-nın Bakı nümayəndəliyindən məlumat verilib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mübariz Ağakərim oğlu İbrahimov Ermənistan SQ-nin Tərtər rayonu istiqamətində hücumunun qarşısı alınan zaman öldürülüb, lakin onun cəsədi hələ də Azərbaycan tərəfinə verilməyib.

"Məktubun məzmunu barədə yalnız Azərbaycanın rəsmi şəxslərinə və həlak olanın ailə üzvlərinə məlumat verilib", - BQXK nümayəndəliyindən bildirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu cümə axşamı bildirib ki, nazirlik BQXK-nın öz missiyasını son nəticəyə qədər davam etdirəcəyinə inanır. Onun sözlərinə görə, əks halda bu, gələcəkdə yeni presedent üçün əsas ola bilər və bunun üçün erməni tərəfi məsuliyyət daşıyacaq.

"Hələlik BQXK-nın təşəbbüsü nəticə vermir. Ermənistan Mübariz İbrahimovun meyitinin nə Ermənistanda, nə də Dağlıq Qarabağ ərazisində olmadığını uydurur", - Sabiroğlu bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bugünkü mətbuat konfransı zamanı bəyan edib ki, həlak olmuş əsgərin meyiti yaxın vaxtlarda qaytarılmalıdır.

Xəbər lenti

Xəbər lenti