Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönələn ciddi mübarizəsi seçkiqabağı dövrdə zəifləməyəcək və ölkə bu istiqamətdə səylərini davam etdirəcək. Bu barədə jurnalistlərə cümə günü Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov deyib.
"Azərbaycan ərazilərinin işğalına son qoymaq vaxtı gəlib çatıb, səbir kasası dolub, bunu daha uzatmaq lazım deyil. Bu konteksdə Almatıdakı görüşdən əhəmiyyətli nəticələr gözləmək olar", - Əhmədov bilidirb.
Almatıda iyulun 16-17-də ATƏT xarici işlər nazirlərinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici siyasət idarə rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlı görüşün keçiriləcəyi gözlənilir.
"Biz Almatıda keçiriləcək danışıqların bu prosesin həllində mühüm dövr kimi tarixə daxil olacağını gözləyirik", - Əhmədov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan əvvəllər də münaqişənin mərhələli həllini təklif edib, lakin Ermənistan buna uzun müddət müqavimət göstərib.
"Nəhayət, bunaoxşar təkliflər yenilənmiş Madrid prinsiplərində öz əksini tapıb. Bu sənədlər paketində Azərbaycanın maraqları göstərilib. Biz münaqişənin yaxın vaxtlarda həll olunacağına ümid edirik", - Əhmədov vurğulayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.