Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir S.Ağayeva/
Kofi Annan Qlobal Humanitar Fondun baş direktoru, YUNESKO-nun Kommunikasiyaların İnkişafı Beynəlxalq Proqramının sədri, səfir Valter Fust BMT-nin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsinin təyin olunması təşəbbüsünü dəstəkləyir.
"Bu, kifayət qədər maraqlı təklifdir, düşünürəm o, münaqişənin həllinə öz töhfəsini verəcək". Bu barədə "YES Azərbaycan" beynəlxalq məsləhət qrupunun məlumatında deyilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin xüsusi nümayəndəsinin təyin olunması vacibdir. Belə bir təşəbbüslə Bakıda səfərdə olan Latviyanın eks-prezidenti (1999-2007-ci illər), BMT Baş katibinin xüsusi nümayəndəsi, Aİ-nin uzunmüddətli inkişaf üzrə ekspertlər qrupunun sədr müavini Vayra Vike-Freyberqa çıxış edib.
Fust deyib ki, region üçün bu qədər çox problem yaradan münaqişəni həll etməyin vaxtıdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.