...

Cənubi Qafqazda qeyri-standart qərarların qəbul edilməsi zəruriliyi yetişib – Rusiya Strateji Araşdırmalar İnstitutunun direktor müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2010 14:45 (UTC +04:00)
Cənubi Qafqaz regionunda köhnəlmiş problemləri həllə doğru itələyə biləcək və onları yeni səviyyəyə çıxara biləcək qeyri-standart qərarların qəbul edilməsi zərurliyi yetişib. Bu barədə cümə axşamı jurnalistlərə Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) direktor müavini Pavel Qrebennikov məlumat verib.
Cənubi Qafqazda qeyri-standart qərarların qəbul edilməsi zəruriliyi yetişib – Rusiya Strateji Araşdırmalar İnstitutunun direktor müavini

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir M.Əliyev/

Cənubi Qafqaz regionunda köhnəlmiş problemləri həllə doğru itələyə biləcək və onları yeni səviyyəyə çıxara biləcək qeyri-standart qərarların qəbul edilməsi zəruriliyi yetişib. Bu barədə cümə axşamı jurnalistlərə Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) direktor müavini Pavel Qrebennikov məlumat verib.

"Bəzən regionda status-kvonu qoruyub-saxlamağın Rusiya üçün əlverişli olması barədə fikirlər eşitmək lazım gəlir. Rusiya status-kvonun qorunub-saxlanmasında maraqlı deyil, lakin bu və ya digər ölkənin xeyrinə vəziyyəti kökündən dəyişməkdə də maraqlı deyil", - Qrebennikov bildirib.

Onun fikrincə, proses yalnız Azərbaycan və erməni tərəfləri arasında razılaşmanın əldə olunması şəraitində getməlidir, ATƏT-in Minsk qrupunun üzvü olan bütün digər ölkələr bu prosesə yalnız yardım etməlidirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

RSAİ direktorunun müavini qeyd edib ki, Həştərxanda dövlət başçılarının dünənki görüşü Dağlıq Qarabağ probleminin həllindəki qarşılıqlı anlaşma yolunda addımlardan biri olub.

Çərşənbə günü Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının - İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın üçtərəfli görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma yolları müzakirə olunub. Görüşün müsbət yekunu kimi Bəyannamə imzalanıb. Bəyannamə hərbi əsirlərin və Dağlıq Qarabağ müharibəsi nəticəsində həlak olanların meyitlərinin qaytarılmasını nəzərdə tutur və humanitar xarakter daşıyır.

Qrebennikov dövlət başçılarının dekabrın əvvəlində Astanada ATƏT sammitindəki ehtimal olunan görüşü ilə bağlı qeyd edib ki, onun nəticələri gələcək irəliləmələr üçün nə isə istiqamət verə bilər.

Xəbər lenti

Xəbər lenti