...

ATƏT sammiti Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi ola bilər – Azərbaycan XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2010 16:56 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, ATƏT-in Astanada keçiriləcək sammiti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində dönüş nöqtəsi ola bilər.
ATƏT sammiti Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi ola bilər – Azərbaycan XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

RED. əlav.: ikinci abzasdan sonra nazirin sözləri əlavə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, ATƏT-in Astanada keçiriləcək sammiti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində dönüş nöqtəsi ola bilər. Bu barədə o, çərşənbə günü İstanbulda jurnalistlərə deyib. Məlumatı Türkiyənin "Cihan" agentliyi yayıb.

Azərbaycan XİN rəhbərinin sözlərinə görə, yaxın vaxtlarda o, erməni həmkarı Edvard Nalbandyanla görüşməyi planlaşdırır.

"Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxanda keçirilən son üçtərəfli görüşü zamanı XİN rəhbərlərinə danışıqlar prosesini davam etdirmək tapşırılıb və yaxın vaxtlarda belə görüş baş tuta bilər, - nazir qeyd edib. - Bu görüşdə xarici işlər nazirləri tərəflərin Astana sammitinə hazırlıq yollarını müzakirə edəcəklər".

Azərbaycan xarici işlər nazirinin sözlərinə görə, münaqişənin nizamlanması üzrə "yol xəritəsi" Qafqazda sülh və sabitliyin bərqərar olması məqsədilə hazırlanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

ATƏT-in sammiti dekabrın 1-2-də Astanada keçiriləcək.

Azərbaycanın xarici işlər naziri Türkiyədə işgüzar səfərdədir. O, Əfqanıstan üzrə IV Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA IV) iştirak edir.

Xəbər lenti

Xəbər lenti