...

Ermənistan Azərbaycanın hərbi qulluqçuları Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini təhvil verib (ƏLAVƏ OLUNUB-3)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2010 23:59 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisindən şənbə günü Trend-ə bildirib ki, bu gün saat 16:00 radələrində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə meyitlər təhvil verib.
Ermənistan Azərbaycanın hərbi qulluqçuları Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini təhvil verib (ƏLAVƏ OLUNUB-3)

RED.ƏLAVƏSİ: Yeni təffərrüatlar və Fərid Əhmədovun qohumlarının sözləri 7-ci abzasdan sonra əlavə olunub

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan bu gün Azərbaycanın hərbi qulluqçuları Mübariz İbrahimovFərid Əhmədovun meyitlərini təhvil verib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisindən şənbə günü Trend-ə bildirib ki, bu gün saat 16:00 radələrində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə meyitlər təhvil verib.

Azərbaycan isə qarşı tərəfə Ermənistanın 81 yaşlı vətəndaşı Qavruş Arustamyanın meyitini təhvil verib.

BQXK-dən verilən məlumata görə, iki azərbaycanlı hərbi qulluqçunun və Dağlıq Qarabağ ərazisində yerləşən Madagis kəndindən olan bir nəfər mülki şəxsin cəsədləri bu gün Ağdam rayonunun təmas xətti yaxınlığında yerləşən Baş Qərvənd kəndi istiqamətində repatriasiya olunub.

"Cəsədlərin qaytarılması kədərli hadisə olsa da, vəfat etmiş şəxslərin ailələri öz əzizlərini dəfn edib onlara yas tuta biləcəklər," BQXK-nın Bərdə ofisinin başçısı Elen Plenevo belə deyib.

"Biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar repatriasiya prosesinin son vaxtlar intensivləşməsinə sevinirik", o qeyd edib.

"Ermənistan tərəfindən qaytarılan Azərbaycan hərbçilərinin meyitləri ekspertiza olunacaq və xüsusi tapşırıq olmasa, sabah ailələrinə təhvil veriləcək". Bu barədə şənbə günü axşam Trend-ə Əsir və itkin düşmüş, girov gütürülmüş vətəndaşlarla əlaqədar iş üzrə Dövlət Komissiyasından məlumat verilib.

Hərbçilərimizin meyitləri Musa Nağıyev adına 1 nömrəli Klinik Hospitala çatdırılıb.

Hal-hazırda şəhid olmuş hərbçilərin qohumlarına və yaxınlarına hər hansı məlumat verilməyib. Bu barədə şənbə günü axşam jurnalistlərə Fərid Əhmədovun əmisi Aslan Bayramov bildirib. 

Jurnalistlərin suallarını cavablandırarkən Bayramov hərbçilərin dəfn mərasiminin tarixini göstərməkdə də çətinlik çəkib. "Bu hakimiyyətin qərarından asılı olacaqdır", - o bildirib.

Fərid Əhmədovun digər əmisi Bəhruz Bayramovun sözlərinə görə Azərbaycanlı hərbçinin  meyiti qohumlarına sabah səhər saat 11-də təhvil veriləcək. Jurnalistlərin suallarını cavablandırarkən o, dəfn mərasiminin dövlət səviyyəsində keçirələcəyini bildirib.

Noyabrın 4-də neytral vasitəçi qismində çıxış edən BQXK, bütün aidiyyəti olan tərəflərin razılığına əsasən Ermənistanda saxlanılan bir nəfər mülki şəxsin və bu ilin oktyabr ayında Bakıda vəfat etmiş Ermənistan vətəndaşının cəsədini repatriasiya etmişdi.

Cenevrə Konvensiyalarına əsasən fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən işləyir.

Azərbaycan Ordusunun 22 yaşlı giziri Mübariz İbrahimov iyunun 18-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun Çaylı kəndi istiqamətində hücumunu dəf edərkən, bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına həlak olub. Ermənistan tərəfi indiyədək İbrahimovun meyitinin onlardan olduğunu təkzib edirdi.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Sentyabrın 4-də Ermənistanın hərbi qulluqçuları tərəfindən Azərbaycan Ordusunun zabiti Fərid Əhmədov öldürülüb.

Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşün yekunları üzrə imzalanan Birgə Bəyannamədə Ermənistan və Azərbaycan prezidentləri ilk addım kimi ATƏT-in Minsk qrupunun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsini etmək barədə razılığa gəliblər.

Noyabrın 4-də Azərbaycan erməni tərəfinə intihar edən hərbçi Manvel Sarıbekyanı təhvil verib, Ermənistan isə Azərbaycan vətəndaşı Eldar Tağıyevi girovluqdan azad edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti