Qazaxıstan, Astana, 29 noyabr /Trend, müxbir A.Maratov/
Astana sammiti Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təkan olacaq. ATƏT-in münaqişələrin aradan qaldırılması üzrə Mərkəzinin direktoru Herbert Zalber belə hesab edir.
"Məsələnin bu sammit çərçivəsində həllini gözləmək qeyri-realdır, lakin biz münaqişələrin nizamlanması üçün müsbət atmosferin yaradılmasını gözləyə bilərik", - Zalber Astanada ATƏT sammitinə hazırlıq zamanı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, münaqişə tərəfləri özləri bu məsələni həll etməlidirlər. "Biz isə öz tərəfimizdən yardım göstərə bilərik", - Zalber deyib.
"Dərin köklərə və 20 illik tarixə malik olan bu münaqişəyə realist yanaşmaq lazımdır", - o, qeyd edib.
Zalber hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi uzun sürə bilməz, tərəflər kompromis bazasında razılığa gəlməlidirlər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.