...

Astana sammiti Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan ciddi addımlardan biri olacaq - türkiyəli deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2010 09:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Parlamentinin deputatı hesab edir ki, ATƏT-in Astana sammitində Dağlıq Qarabağ probleminin müzakirəsi münaqişənin həlli üçün mühüm faktor olacaq.

"Astana sammiti kimi önəmli toplantıda Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi problemin gec-tez həllini tapacağını göstərir. Hesab edirəm ki, bu sammit Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan ciddi addımlardan biri olacaq", - bazar ertəsi Trend-ə telefonla Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Mustafa Kabakçı bildirib.

ATƏT-in sammiti dekabrın 1-2-də Astanada keçiriləcək. Orada ATƏT üzvü olan 56 ölkənin və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, eləcə də 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək.

ATƏT-in yüksək səviyyəli sammitləri 1975-ci ildə təşkilatın yarandığı vaxtdan keçirilir. ATƏT-in sonuncu sammiti 1999-cu ildə İstanbulda baş tutub.

Kabakçı deyib ki, Türkiyə bütün beynəlxalq toplantılarda Dağlıq Qarabağ probleminin gündəmdə saxlanılmasına cəhd edir və rəsmi Ankara hər zaman problemin tezliklə həllinə çalışır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti