...

Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanmalıdır – Prezident İlham Əliyev (YENİLƏNİB) (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2010 19:01 (UTC +04:00)
Ermənistan və Azərbaycan arasında davam edən hərbi münaqişə beynəlxalq və regional təhlükəsizlik və sabitlik üçün böyük təhlükə törətməkdədir.
Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanmalıdır – Prezident İlham Əliyev (YENİLƏNİB) (VİDEO)

RED. əlav.: Dövlət başçısının çıxışının mətni və video əlavə olunub

Qazaxıstan, Astana, 1 dekabr /Trend, müxbir A.Maratov/

Ermənistan və Azərbaycan arasında davam edən hərbi münaqişə beynəlxalq və regional təhlükəsizlik və sabitlik üçün böyük təhlükə törətməkdədir. Bu barədə çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Astana sammitində çıxışı zamanı deyib.

"Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan təkcə Dağlıq Qarabağı deyil, eləcə də Azərbaycanın digər yeddi rayonunu da işğal altında saxlamaqda davam edir", - Prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, Ermənistan Azərbaycanın şəhər və kəndlərini, evləri, müqəddəs yerlərimizi, əcdadlarımızın məzarlarını və Azərbaycan məscidləri məhv edib. "Onlar Xocalıda hərbi cinayətlər törədib və soyqırım həyata keçiriblər, erməni silahlıları yüzlərlə mülki şəxsi qətlə yetiriblər. Yalnız ona görə ki, onlar azərbaycanlı idilər. Xocalının günahsız qurbanlarının yüzdən çoxu azyaşlı uşaqdır", - Prezident bəyan edib.

İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan tarixi ərazisidir.

"Bu gün Ermənistan işğal etdiyi ərazilərə nəzarəti əlində saxlamaq və məcburi köçkünlərin öz evlərinə qayıtmasını əngəlləmək üçün əvvəlki kimi güc tətbiq etməkdədir", - Prezident vurğulayıb.

Azərbaycan Prezidentinin sözlərinə görə, bununla belə, Azərbaycan əvvəlki kimi sülh danışıqlarına sadiqdir və danışıqların nəticə verəcəyinə ümid edir.

Münaqişənin həlli, Prezidentin sözlərinə görə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, ATƏT-in qərarlarına, Avropa Parlamentinin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə əsaslanmalıdır.

"Lakin Ermənistan münaqişənin qısa zamanda həlli məqsədilə danışıqlar aparmaq əvəzinə, münaqişənin eskalasiyası yolu ilə getməyə üstünlük verir. Ermənistan daima atəşkəs rejimini pozur, işğal etdiyi ərazilərdə hərbi təlimlər keçirir, bizim şəhər və kəndlərimizin tarixi adlarını dəyişdirməyə çalışır", - İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparır və sülh prosesini mənasız prosesə çevirməyə cəhd göstərir.

"Ermənistanın işğal olunumuş ərazilərdə qeyri-qanuni fəaliyyəti 2005-ci ildə ATƏT-in qiymətləndirmə missiyasının məruzəsində də öz əksini tapıb", - Prezident vurğulayıb.

"Ermənistanın danışıqlar prosesində özünü necə aparması belə düşünməyə əsas verir ki, Ermənistan sülh istəmir, işğal etdiyi əraziləri azad etməyə can atmır, status-kvonu uzun müddət qorumaq və danışıqlar prosesini sonsuz etməyə səy göstərir", - Azərbaycan Prezidenti əlavə edib.

İlham Əliyev vurğulayıb ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb, danışıqlar 20 ildir aparılır, lakin nəticə yoxdur.

"Azərbaycan Minsk qrupunun həmsədrlərinin son altı il ərzində Praqa prosesi çərçivəsində hazırladıqları təkliflərini qiymətləndirir. Biz danışıqları davam etdirməyə və onları mümkün qədər tez başa çatdırmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan qərara nail olmağa hazırıq", - Azərbaycan Prezidenti əlavə edib.

İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə və bütün qazax dostlara görüşün yüksək səviyyədə təşkil olunmasına, mehriban qonaqpərvərliyə və Qazaxıstanın bir il ərzində ATƏT-də sədrliyinə görə təşəkkür edib.

Xəbər lenti

Xəbər lenti