...

ATƏT MQ Dağlıq Qarabağ nizamlanması üzrə danışıqların tempini sürətləndirməlidir – ATƏT-in növbəti sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2010 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ nizamlanması üzrə danışıqların tempini sürətləndirməlidirlər. ATƏT-in növbəti sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis belə hesab edir.

"ATƏT MQ [Dağlıq Qarabağ münaqişəsinin] siyasi həllinin axtarışı üzrə aparılan danışıqların tempini sürətləndirməlidir", - ATƏT-in məlumatında deyilir.

Nazirin sözlərinə görə, ATƏT, o cümlədən münaqişə tərəfləri olan cəmiyyətlər arasında qarşılıqlı anlaşma və dözümlülüyün inkişafına kömək etməkdə mühüm rol oynamalıdır.

"Əminəm ki, fəaliyyətdə olan hər bir sədr həlli yubanan münaqişələrin nizamlanmasını təklif etmək istəyir. Korfu müzakirələrinin gedişində bir çox dövlətlər sədrliyə və münaqişələrin aradan qaldırılması mərkəzinə böhranlı vəziyyətlərin və ya münaqişələrin ilk mərhələdə qarşısının alınması üzrə ilkin xəbərdarlıq vasitələri verilməsi və daha sərbəst fəaliyyət göstərməsinin xeyrinə inandırıcı dəlillər irəli sürdülər", - nazir bildirib.

Ajubalisin sözlərinə görə, fəaliyyətdə olan sədrin vəzifəsi sözü əmələ çevirməkdir.

"Bundan əlavə, fəaliyyətdə olan sədrin münaqişəli vəziyyətlərin həlli üçün cəld hərəkət edəcəyi, vacib tərəflərlə məsləhətləşəcəyi və siyasi, maliyyə və digər mövcud vasitələri səfərbər edəcəyi gözlənilir", - nazir əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti