Ankara ilə Moskva arasında yaxın münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə səbəb olub. Türkiyə Prezidenti Abdullah Gül "Reuters" agentliyinə cümə axşamı verdiyi müsahibəsində bildirib.
"Türkiyə Rusiya ilə birgə Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərilən səylərdə mühüm rol oynayır. Mən bu məsələni Astanadakı sammitdə Rusiya Prezidenti Dmitri Medvedevlə müzakirə etdim", - Gül bildirib.
Son 11 ildə keçirilməyən ATƏT sammiti Qazaxıstanın təşkilata sədrliyi çərçivəsində dekabrın 1-2-də Astanada keçirilir. Sammitə bütün üzv ölkələrin dövlət və hökumət başçıları gəlib. Görüşdə ATƏT-in 12 tərədaş ölkəsi, 68 beyəlxalq təşkilatın rəhbərləri də iştirak edir.
Gülün sözlərinə görə, hazırkı məqamda irəliləyiş olmasa da, bir sıra müsbət addımlar atılır, sakit, lakin çox qətiyyətli diplomatiya aparılır.
"Mən ürəkdən inanıram ki, faktiki vəziyyət tərəflərin heç birinin maraqlarına daxil deyil", - Gül deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.