Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün hallarda çevik addımlar atacaq, ATƏT və BMT çərçivəsində bütün vasitələrdən səmərəli istifadə edə biləcək. Bu barədə bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında partiyanın icra katibinin müavini Mübariz Qurbanlı bildirib.
YAP icra katibinin müavini indiki şəraitdə ATƏT-in Minsk qrupunun vasitəçiliyindən tamamilə imtina etməyin real və düzgün olmadığını söyləyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Qurbanlı qeyd edib ki, ATƏT-in Minsk qrupunun çatışmazlıqları Azərbaycan tərəfindən dəfələrlə bəyan olunub.
"Məlumdur ki, münaqişə başlandığı vaxtda BMT Təhlükəsizlik Şurası münaqişənin həllinə dair müvafiq qətnamələr qəbul edib. Lakin bu qətnamələr hələ də yerinə yetirilməyib. Amma perspektivdə Azərbaycan tərəfi münaqişənin BMT tribunasında daha yüksək səviyyədə müzakirəsi üçün müvafiq addımlar atmaq iqtidarındadır və bu, ölkəmizin hüququdur", - Qurbanlı bildirib.
Onun sözlərinə görə, Azərbaycan diplomatiyası yalnız ATƏT ilə məhdudlaşmayıb, Avropa Şurası, İslam Konfransı Təşkilatı, BMT-nin Baş Assambleyası səviyyəsində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dəfələrlə məsələlər qaldırılıb.