RED. əlav.: Sonuncu abzasda birinci vitse-spikerin sözləri əlavə olunub.
Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan beynəlxalq qanunvericiliyə uyğun olaraq, işğal olunmuş ərazilərin azad edilməsi hüququnu özündə saxlayır. Azərbaycan Parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov belə hesab edir.
"Bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə sənayemiz tamamilə hərbi relslər üzərinə qoyulmalıdır", - Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Əsgərov cümə günü jurnalistlərə bildirib.
O, bildirib ki, beynəlxalq birlik Ermənistana təsir etməyə qadir olmadığını bir daha sübut etdi. Əsgərov qeyd edib ki, Azərbaycan işğal olunmuş ərazilərin azad edilməsi hüququnu özündə saxlayır, iqtisadiyyat və hərbi güc bunu etməyə imkan verir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Əsgərov ATƏT-in Minsk qrupunun həmsədrlərini fəaliyyətsizlikdə günahlandırıb və onun sözlərinə görə, həmsədrlər yalnız bəyanatlarla kifayətlənirlər. I vitse-spiker qeyd edib ki, arxasında konkret fəaliyyətin olmadığı həmin bəyanatlar heç bir qüvvəyə malik deyil.