...

Azərbaycanın güclü ordusu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü vaxt gələndə deyəcək – Prezident İlham Əliyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2011 22:51 (UTC +04:00)
Əminəm ki, Azərbaycanın güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü deməlidir və vaxt gələndə deyəcəkdir, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqi zamanı bildirib.
Azərbaycanın güclü ordusu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü vaxt gələndə deyəcək – Prezident İlham Əliyev

Əminəm ki, Azərbaycanın güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü deməlidir və vaxt gələndə deyəcəkdir, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqi zamanı bildirib.

"Biz danışıqlar apardığımız zaman, eyni zamanda, ordu quruculuğuna böyük diqqət göstəririk, ordumuzu gücləndiririk. Bu sahədə böyük uğurlara nail ola bilmişik. Düşmən də bunu bilir və qorxudan əsir. Onların son aylarda verdikləri isterik və əsəbi, qorxu ilə dolu çıxışlar bunun əyani sübutudur. Onlar da yaxşı bilirlər ki, Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər" İlham Əliyev deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezidentin sözlərinə görə, sadəcə olaraq, Azərbaycan istəyir ki, bu məsələ sülh yolu ilə həll olunsun.
"Ancaq biz özümüzü çox əmin hiss edirik. Son illərdə ordu quruculuğuna ayrılan vəsait artır, yeni müasir silahlar, texnika - təyyarələr, artilleriya, hava hücumuna qarşı ən müasir qurğular, zirehli maşınlar alınır, onların hamısını sadalamaq üçün bəlkə də bir neçə saat lazımdır. Azərbaycanda istehsal olunan hərbi məhsullar, 500 növə qədər məhsul həm ordumuza xidmət edir, həm də biz artıq xarici bazarlara da çıxırıq, beynəlxalq sərgilərdə iştirak edirik. Bu sahədə 2011-ci ildə də çox mühüm hadisələr baş verəcək, Azərbaycanda ən müasir avadanlığın, texnikanın, döyüş sursatının istehsalı başlanmalıdır.
2011-ci ildə ordu xərcləri, müdafiə xərcləri 3 milyard dollardan çox olacaqdır. Onun böyük hissəsi yenə də silah-sursat, hərbi texnika alınmasına sərf olunacaq, biz bu prosesi bundan sonra da davam etdirəcəyik." Dövlət başçısı nitqində söyləyib.

Prezident bildirib ki, 2010-cu ildə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində irəliləyişə nail ola bilməmişik.
"Bunun da təkcə bir səbəbi var. Bu da ondan ibarətdir ki, Ermənistan tərəfi, demək olar ki, danışıqları pozmaq istəyir. Danışıqlar masasında əvvəlcə razılaşdırılmış məsələlərə yenidən qayıtmaq istəyir, vaxt uzatmaq istəyir. Bir sözlə, bizdə belə fikir yaranır ki, Ermənistan işğal olunmuş torpaqları azad etmək istəmir, çalışırlar nə qədər mümkündürsə, o torpaqları işğal altında saxlasınlar. Beləliklə də, bundan istifadə edib Azərbaycandan Dağlıq Qarabağın statusu ilə bağlı onlara xeyir gətirən şərtləri əldə etsinlər. Bu isə mümkün deyildir. Biz bunu dəfələrlə bəyan etmişik: Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq birlik tərəfindən Azərbaycan torpağı kimi tanınır. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq aləm tərəfindən tanınır, BMT tərəfindən tanınır, bütün beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşır. Azərbaycan dövləti heç vaxt imkan verməz ki, ikinci erməni dövləti yenə də Azərbaycanın tarixi torpaqlarında yaradılsın. Yəni bu, danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Məsələnin həlli üçün Ermənistan öz işğalçı qüvvələrini zəbt edilmiş torpaqlardan çıxarmalıdır. Ondan sonra sülh yarana bilər. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar, Dağlıq Qarabağda muxtariyyət şəraitində yaşamalıdırlar. Bütün sivil ölkələrdə olduğu kimi, orada da işlər bütün demokratik prinsiplər əsasında təşkil edilməlidir. Bundan kənarda məsələnin heç bir başqa istiqamətdə həlli mümkün deyildir. Azərbaycan buna razılaşmayacaqdır.
Biz çalışacağıq ki, 2011-ci ildə öz mövqeyimizi daha da möhkəmləndirək. Deyə bilərəm ki, 2010-cu ildə beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı çox mühüm hadisələr baş vermişdir. Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox ədalətli qətnamə qəbul etmişdir. Bu məsələ digər beynəlxalq təşkilatlarda da müzakirə olunur və bizim mövqeyimiz dəstəklənir. NATO-nun zirvə görüşündə bu məsələ ilə bağlı çox dəyərli, ədalətli, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunmuşdur. Dünən Avropa Komissiyasının sədri cənab Barrozu ilə birgə mətbuat konfransında bu məsələ ilə bağlı Avropa Komissiyasının və Avropa İttifaqının mövqeyi ifadə edilmişdir. Bu da ondan ibarətdir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Yəni məsələnin həlli üçün beynəlxalq çərçivələr budur və o, yalnız bu çərçivələr daxilində öz həllini tapa bilər. Heç bir başqa variant müzakirə mövzusu deyildir. Mən hesab edirəm ki, Azərbaycan danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirir. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq beynəlxalq hüquq normaları burada əsas rol oynayır. Azərbaycanın ərazi bütövlüyünün bərpası qeyd-şərtsiz öz həllini tapmalıdır" Prezident bildirib.

İlham Əliyev hesab edir ki, 2011-ci ildə ölkə qarşısında elə bir ciddi problem gözləmək lazım deyil.
"2011-ci ildə həm iqtisadi, həm sosial məsələlərin, həm də beynəlxalq məsələlərin həllində, hesab edirəm ki, heç bir problemimiz olmayacaqdır. Biz 2010-cu ildə beynəlxalq müstəvidə də uğurlu siyasət aparmışıq. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm ikitərəfli müstəvidə çoxsaylı görüşlər olmuşdur. Bakıda yüksək, bir neçə beynəlxalq səviyyəli zirvə görüşü keçirilmişdir. Qonşu ölkələrlə münasibətlərimiz daha da güclənmişdir. Yəni beynəlxalq vəziyyət və bölgədə mövcud olan vəziyyət müsbətdir. Azərbaycan bölgədə əməkdaşlığın dərinləşməsinə öz dəyərli töhfəsini verir. Bir daha demək istəyirəm ki, Azərbaycan artıq çox ciddi regional amildir. Azərbaycan bölgədə gedən proseslərə təsiri artmaqda olan ölkədir. Elə etməliyik ki, bu proses daim davam etsin, ölkəmiz güclənsin və inkişaf etsin" Prezident çıxışında bildirib.

Xəbər lenti

Xəbər lenti