...

"Le Monde" qəzeti Azərbaycanın Fransadakı səfirinin erməni diasporuna cavabını dərc edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2011 14:43 (UTC +04:00)
Yanvarın 19-da Fransanın nüfuzlu "Le Monde" qəzeti Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun erməni diasporunun rəhbərlərindən biri Ara Toronyana cavabını dərc edib.
"Le Monde" qəzeti Azərbaycanın Fransadakı səfirinin erməni diasporuna cavabını dərc edib

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

Yanvarın 19-da Fransanın nüfuzlu "Le Monde" qəzeti Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun erməni diasporunun rəhbərlərindən biri Ara Toronyana cavabını dərc edib.

"Yanvarın 19-da "Le Monde" qəzeti tam olmasa da və gec də olsa, hər halda Azərbaycanın Fransadakı səfirinin Toranyanın məktubundan dərhal sonra verilən reaksiyasını dərc edib", - Trend-ə Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fransanın aparıcı gündəlik qəzeti "Le Monde" 2010-cu il dekabrın 29-da Fransanın erməni diasporunun rəhbərlərindən biri, Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri və "Les Nouvelles d'Armenie" jurnalının redaktoru Ara Toranyanın "Paris erməniləri atır" başlığı altında açıq məktubunu dərc edib.

"WikiLeaks"in son ifşalarına əsaslanan müəllif, onun fikrincə, Fransa Prezidenti Nikolya Sarkozinin "erməni icmasının vacib vəzifələrindən biri" - Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəzanın tətbiq edilməsi ilə bağlı "ikili" siyasətini tənqid edib. Guya 2007-ci ilin seçkiqabağı kampaniyası zamanı bu qanunvericiliyin dəstəklənməsi ilə bağlı erməni icmasına vədlər verən Sarkozi, seçildikdən bir ay sonra öz müşaviri vasitəsilə Türkiyə hakimiyyətinə zəmanət verib ki, Senat tərəfindən qanunvericiliyin qəbul edilməsinin qarşısını almaq üçün əlindən gələn hər şeyi edəcək.

Həmin məqalədə Toranyan özünəməxsus şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin şərhini verib, eləcə də bu problemlə ermənilərin uydurduğu "soyqırım" məsələsi arasında süni paralellər aparıb.

Bu gün dərc edilən məqaləsində Azərbaycan səfiri nüfuzlu fransız qəzetinin oxucu auditoriyasının diqqətini "erməni diasporunun rəhbərlərindən birinin açıq məktubu Ermənistan və Azərbaycan arasında davam etməkdə olan münaqişnin mahiyyətini bilərəkdən təhrif edir" faktına yönəldir.

"Ermənistanın ölkənin ümumi ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağı və Azərbaycanın ona bitişik rayonlarını işğal etməsi Azərbaycan tərəfinə minlərlə insan həyatı bahasına başa gəlib, bir milyona yaxın azərbaycanlı isə öz evlərindən qovulub. 1992-ci ildə ATƏT-in Minsk qrupunun himayəsi altında başlayan sülh prosesi boyunca Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş rayonlarından çıxartmaqdan imtina edir və bundan başqa, bu torpaqlarda əhali məskunlaşdırır", - Əmirbəyov yazır.

Məqalədə deyilir ki, Ermənistanın özünü belə aparmasına baxmayaraq, "Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülhlə və ədalətli həllinə, müvafiq qətnamələrin müddəalarının və BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və s. kimi beynəlxalq instansiyaların qərarlarının qeyd-şərtsiz yerinə yetirilməsinə sadiqdir".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti