...

Azərbaycanın vitse-spikeri Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müharibənin başlayacağını istisna etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2011 11:45 (UTC +04:00)
Dağlıq Qarabağla bağlı müharibə bitməyib və bütün dünya bilməlidir ki, hər zaman müharibə başlaya bilər. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın vitse-spikeri Bahar Muradova bildirib.
Azərbaycanın vitse-spikeri Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müharibənin başlayacağını istisna etmir

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir T.Hacıyev/

Dağlıq Qarabağla bağlı müharibə bitməyib və bütün dünya bilməlidir ki, hər zaman müharibə başlaya bilər. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın vitse-spikeri Bahar Muradova bildirib.

"Azərbaycan beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq danışıqlar prosesində iştirak edir və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə çalışır. Amma Azərbaycan hərbi hazırlığını davam etdirir, çünki bilirik ki, müasir dünyada gücü olmayan ölkəni dinləmirlər", - Muradova deyib.

Vitse-spiker hesab edir ki, iqtisadi və hərbi güc olmasa, Azərbaycan danışıqlar və digər proseslərdə mövqeyini möhkəmləndirə bilməz.

"Azərbaycan bütün sahələrdə inkişaf əldə etdiyi kimi, eyni zamanda hərbi sahədə də uğurlara imza atır. Bununla qarşı tərəfə mesaj veririk ki, Azərbaycan heç vaxt torpaqlarının itirilməsi və ərazisində ikinci Ermənistan dövləti yaratmaq cəhdi ilə barışmayacaq. Bu cəhdin qarşısı bütün vasitələrlə, lazım gələrsə hərbi yolla da alınacaq", - Muradova əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti