...

Avropa İttifaqının Cənubi Qafqazdakı münaqişələri müstəqil həll edə biləcəyinə ümid etməyə dəyməz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Fevral 2011 11:52 (UTC +04:00)

İsveç, Stokholm, 1 fevral /Trend, müxbir Ü.Sadıxova/

Avropa İttifaqı öz imkanlarından istifadə etməklə Cənubi Qafqazdakı münaqişələrin həllinə kömək edə bilər, lakin təkcə bu struktura bel bağlamağa dəyməz. Trend-in məlumatına görə, İsveç Parlamentinin Avropa Məsələləri üzrə Komitəsinin rəhbəri Karl Hamilton belə hesab edir.

"Hesab edirəm ki, Aİ öz imkanlarından istifadə edərək regional münaqişələrin həllinə kömək edə bilər, çünki bu kontekstdə Avropa ölkələri Avpora xarici siyasəti üçün çox qeyri-standart olan vahid mövqe tuturlar. Düşünürəm ki, bu, münaqişələrə diqqətin cəlb edilməsi üçün yaxşı imkandır",  - Hamilton Trend-ə müsahibəsində bildirib.

Lakin Cənubi Qafqaz ölkələri yalnız Aİ-yə bel bağlamamalıdırlar və Aİ-nin "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlıqda maraqlı olmasının onları dondurulmuş münaqişələrin həllində müstəqil fəaliyyətdən azad etdiyini düşünməməlidirlər.

"Problemlərin həlli hökumətlərin özlərindən gəlməlidir. Aİ-nin mehriban qonşuluq münasibətləri qurmaq istəməsi o demək deyil ki, onlar arxayınlaşa və münaqişələrin həllində yalnız Aİ-nin iştirakına ümid edə bilərlər", - Hamilton qeyd edib.

İsveç parlamentarisinin fikrincə, region ölkələrindən heç biri Aİ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla regiondakı münaqişələrə son qoya bilmək üçün tam qüvvəyə malik olduğuna ümid etməməlidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Digər münaqişə - Gürcüstan-Cənubi Osetiya münaqişəsi öz başlanğıcını 1980-ci illərin sonlarından götürüb. Osetin-gürcü münasibətlərinin kəskinləşməsinə SSRİ-nin mövcud olduğu son illərdə milli hərəkatların sərt şəkildə aktivləşməsi və kiçik xalqların müstəqil dövlətlər yaratmaq istəkləri səbəb olub.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcüstan qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazilər elan edib.

Gürcüstanın muxtar əraziləri Abxaziya və Cənubi Osetiya münaqişəsi nəticəsində birtərəfli qaydada öz müstəqilliklərini və Gürcüstanın tərkibindən çıxdıqlarını elan ediblər. Rusiyanın separatçı regionları dəstəkləməsi nəticəsində Qərbin etirazlarına baxmayaraq, sonradan onlarla diplomatik münasibətlər qurub. Rusiyadan başqa, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini yalnız Venesuela, Nikaraqua və Hauru Respublikası tanıyıb.

İsveç Parlamentinin ötən il martın sonlarında qondarma "erməni soyqırımı" haqqında qətnaməni qəbul etməsindən danışarkən, Hamilton bu səhvin bir daha təkrarlanmayacağına ümidini ifadə edib. Onun sözlərinə görə, bu qərar İsveçin rəsmi siyasətini əks etdirmir.

Martın 11-də İsveç Parlamentinin Xarici əlaqələr komitəsi bir səs çoxluğu ilə XX əsrin əvvəllərində Osmanlı imperiyasında guya ermənilərə qarşı törədilən qondarma "erməni soyqırımı"nı tanıyıb.

Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar. Aprel ayında "soyqırım"ın ildönümü münasibətilə erməni lobbisinin dünya parlamentlərində, o cümlədən ABŞ Konqresində öz fəaliyyətlərini gücləndirəcəkləri gözlənilir.

Xəbər lenti

Xəbər lenti