Azərbaycan, Bakı, 28 fevral /Trend/
Amerikanın "Qarabağ" fondunun, Cənubi Kaliforniyanın türk icması və Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun dəstəyi ilə İrvin şəhərində türkiyəli jurnalist Cem Oğuzun Xocalı qaçqını Anar Usubov haqqında çəkdiyi filmin təqdimatı keçirilib. Trend-in məlumatına görə, bu barədə Baş konsulluğun məlumatında deyilir.
Filmdə cavan yaşlarında yaşadığı ağrı və itkilərə baxmayaraq, sınmayan və öz həyatının qurmağı bacaran, bununla yanaşı Qarabağdakı öz doğma evini heç vaxt yaddan çıxarmayan bir gəncin taleyindən bəhs edilir. Təqdimatda iştirak edən filmin müəllifi Cem Oğuz tədbir iştirakçılarının suallarını cavablandırıb.
Öz növbəsində, Azərbaycanın baş konsulu Elin Süleymanov qeyd edib ki, məhz Xocalı faciəsi və onun iştirakçılarının aqibəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını və məcburi köçkünlərin öz vətənlərinə qayıtmasını zəruri edir.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.
366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.