...

Dövlət Komissiyası İordaniya və Mərakeşdə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində tədbirlər keçirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2011 16:56 (UTC +04:00)
Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Əmman şəhərində keçirilən tədbirdə İordaniyada akkreditə olunmuş bir sıra xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmçinin, ölkəmizin dostları olan xeyli sayda xarici vətəndaşlar iştirak ediblər.
Dövlət Komissiyası İordaniya və Mərakeşdə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində tədbirlər keçirib

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İordaniya və Mərakeşdəki Azərbaycan səfirlikləri ilə birgə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində silsilə tədbirlər keçirib.

Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Əmman şəhərində keçirilən tədbirdə İordaniyada akkreditə olunmuş bir sıra xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmçinin, ölkəmizin dostları olan xeyli sayda xarici vətəndaşlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Elman Araslı ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş terrorçuluq əməlləri və insanlığa qarşı cinayət olan Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və "Xocalıya Ədalət" kampaniyası çərçivəsində il ərzində silsilə tədbirlərin davam etdiriləcəyini bildirib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov çıxış edərək tədbir iştirakçılarına faktlar əsasında ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırım, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətləri çatdırıb.

Tədbir iştirakçılarına Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını əks etdirən sənədli film, kitablar, şəkillər və digər faktoloji materiallar təqdim olunub. Tədbir İordaniyanın "əl-Ğad", "əl-Rəy" "əl-Arab" qəzetləri və "Əmira nyus" internet səhifəsində geniş işıqlandırılıb.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın Mərakeşdəki səfirliyi, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birlikdə anım mərasimi təşkil ediblər.

Tədbirdə Mərakeşin dövlət rəsmiləri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, İSESKO-nun, akkreditə olunmuş diplomatik korpusun, KİV və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ölkəmizin Mərakeşdəki səfiri Sabir Ağabəyov Azərbaycan xalqının azadlıq mübarizəsi, müstəqillik yolunda qarşılaşdığı çətinliklər, erməni terrorçuları tərəfindən törədilmiş Xocalı qətliamının mahiyyətindən və ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verilməsindən danışıb.

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi M.əl-Fəqiri, keçmiş SSRİ ali məktəb məzunları cəmiyyətinin sədri M.Lhbus, Mərakeş-Rusiya Dostluq Cəmiyyətinin sədri A.əl-Bəhravi çıxış edərək, Azərbaycana qarşı erməni təcavüzünü pisləyiblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və soyqırım siyasəti, təcavüz nəticəsində ölkəmizə dəymiş maddi-mənəvi zərər, mədəniyyət abidələrinin dağıdılması, beynəlxalq hüquq normalarına zidd olaraq əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib.

Tədbir iştirakçılarına Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını əks etdirən kitablar, kompakt disklər, fotoşəkillər və digər əyani vəsaitlər təqdim edilib, həmçinin, "Erməni terroru" adlı sənədli film nümayiş olunub.

Mərasim Mərakeşin müxtəlif kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Komissiyadan bildirilib ki, Dövlət Komissiyası əsir və itkin soydaşlarımızın taleyini araşdırmaqla yanaşı, ermənilərin azərbaycanlılara qarşı törətdiyi misli görünməmiş cinayətlər, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həm də bu problemin tarixi, müxtəlif dövrlərdə azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya siyasəti ilə bağlı faktları, eləcə də erməni terrorçularının əsirlikdə saxlanılan azərbaycanlılara verdikləri işgəncələr haqqında kitablar, broşürlər çap etdirərək, sənədli video-foto materiallar hazırlayaraq, müxtəlif dillərdə dünyanın bir çox dövlətlərinə yayılmasını təşkil edir.

Eyni zamanda, münaqişənin tarixi və hüquqi aspektləri haqqında Azərbaycan Respublikasının dövlət strukturlarına və xaricdəki səfirliklərinə, diaspor təşkilatlarına, tərəfdaş dövlətlərə, tanınmış alimlərə və ictimai-siyasi xadimlərə, konfliktoloqlara kitab və digər materialların göndərilməsi prosesi davam etdirilir.

Xəbər lenti

Xəbər lenti