...

Fransa XİN nazirin dedikləri ilə bağlı bəyanat verəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2011 16:09 (UTC +04:00)
Fransa Xarici İşlər Nazirliyi ölkənin XİN rəhbəri Alen Jüppenin martın 9-da parlamentdə "xalqların öz müqəddəratını təyinetmə hüququ təməl prinsipidir" deməsi ilə bağlı bəyanatla çıxış edəcək.
Fransa XİN nazirin dedikləri ilə bağlı bəyanat verəcək

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir S.Ağayeva/

Fransa Xarici İşlər Nazirliyi ölkənin XİN rəhbəri Alen Jüppenin martın 9-da parlamentdə "xalqların öz müqəddəratını təyinetmə hüququ təməl prinsipidir" deməsi ilə bağlı bəyanatla çıxış edəcək. Bu barədə Trend-ə cümə axşamı Azərbaycanın Fransadakı səfirliyindən bildiriblər.

Fransa XİN rəhbərinin bu sözləri Azərbaycan tərəfinin narazılığına səbəb olub və səfir Elçin Əmirbəyov bununla bağlı Alen Jüppe ilə görüşməyi xahiş edib.

"Bu gün səfirlik Fransa XİN-ə nazirin dedikləri ilə bağlı izahat verilməsi üçün müraciət edib. Sonradan Fransa XİN-in nümayəndələri məlumat veriblər ki, bununla bağlı ayrıca bəyanatla çıxış edəcəklər", - diplomatik missiyadan bildiriblər.

Martın 9-da deputat Fransua Roşbluan ölkə parlamentində Fransa XİN rəhbərinə "xalqların öz müqəddəratını təyinetmə hüququ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində necə tətbiq edilə bilər" sualı ilə müraciət edib.

Səfirlikdən onu da bildiriblər ki, onlarda olan məlumata görə, Fransa XİN rəhbəri öz cavabında həmsədr ölkələrin rəhbərlərinin münaqişənin nizamlanması ilə bağlı Muskok və Akvildə qəbul etdikləri bəyanata işarə edib. "Konkret olaraq Roşbluanın sualına cavab verən nazir bildirib ki, xalqların öz müqəddəratını təyinetmə hüququ da mühüm əhəmiyyətə malikdir", - səfirlikdən deyiblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti