...

Almaniyada azyaşlı azərbaycanlı uşağın öldürülməsi ilə bağlı aksiya keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Mart 2011 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Almaniyadakı Azərbaycan diasporu Berlin şəhərinin mərkəzində yerləşən Brandenburger Tor qarşısında 9 yaşlı azərbaycanlı uşaq, Ağdam rayonu Orta Qərvənd kənd sakini Fariz Bədəlovun Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçirib. Bu barədə şənbə günü Trend-ə Diaporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Nümayiş Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) tərəfindən Azərbaycan Evi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Aksiyada Azərbaycan və türk diasporunun nümayəndələri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən futbol məktəbinin şagirdləri, yəhudi diasporunun nümayəndələri iştirak ediblər.

Nümayişçilər 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlunu evlərinin qarşısındakı həyətdə oynayarkən baş nahiyəsindən vurularaq qətlə yetirilməsinə qarşı etirazlarını bildiriblər. Aksiya iştirakçıları Azərbaycan və alman dillərində qəbul olunmuş bəyanatları oxuyublar.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Azərbaycan Evi, Azərbaycan-Alman Həmrəylik Cəmiyyəti, Azərbaycan Cəmiyyətləri Federasiyası, Saksen-Anhaltda fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyəti, Drezdendə fəaliyyət göstərən "Alm.Az" cəmiyyəti tərəfindən imzalanmış bəyanat oxunduqdan sonra qətlə yetirilmiş Fariz Bədəlovun şəkli ilə birlikdə Alman Bundestaqının İnsan hüquqları və humanitar yardım, Avropa İttifaqı üzrə məsələlər komissiyalarına, parlamentdə təmsil edilmiş 5 aparıcı partiya fraksiyasına göndərilib.

Bəyanat həmçinin YUNİSEF-in Almaniya nümayəndəliyinə, Almaniya dövlət və qeyri-dövlət fondlarına, alman ictimaiyyətinin nümayəndələrinə elektron poçt vasitəsilə göndərilib.

Ermənistan silahlı qüvvələrinin martın 8-də saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

Xəbər lenti

Xəbər lenti