...

Ermənistan hakimiyyəti insanlara sənəd verməməklə onları əsirə çevirib - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Mart 2011 13:03 (UTC +04:00)
Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər əslində, əsirlikdədirlər. Onlar erməni millətçi ideologiyasının əsirliyindədirlər.
Ermənistan hakimiyyəti insanlara sənəd verməməklə onları əsirə çevirib - deputat

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir T.Hacıyev/

Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər əslində, əsirlikdədirlər. Onlar erməni millətçi ideologiyasının əsirliyindədirlər. Bunu bazar ertəsi Trend-ə millət vəkili Aydın Mirzəzadə ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiyasının işğal altında olan Azərbaycan ərazilərində həyata keçirdiyi monitorinqin yekunlarına həsr olunmuş hesabatına münasibət bildirərkən deyib.

"Onlara Dağlıq Qarabağın sənədlərinin verilməsi, bu gün nəinki dünyada, hətta Ermənistanın özündə ciddi qəbul edilmir. Bu gün Dağlıq Qarabağın bir qrup insanı Ermənistan Respublikasının rəsmi sənədləri ilə təmin edilib, lakin bizdə olan məlumata görə, işğal olunmuş ərazilərdə yaşayan əhalinin, xüsusən aşağı təbəqənin böyük əksəriyyəti sənədsizdir. Çünki Ermənistan hakimiyyəti qorxur ki, onlar sənədlə təmin edilərlərsə, min bir yolla oradan çıxıb gedərlər. Onları sənədsiz saxlamaqla əslində öz siyasətlərinin əsirinə çevirmiş olurlar", - Mirzəzadə əlavə edib.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müraciəti əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu il tarixlərində sahə qiymətləndirmə missiyasını həyata keçiriblər.

Hesabatda qeyd olunub ki, işğal altında olan ərazilərdə yaşayan insanların böyük əksəriyyətinin şəxsiyyəti təsdiq edən sənədi yoxdur.

Mirzəzadə hesab edir ki, iyirmi ildən çox dövrdə erməni hakimiyyəti sivil həyatdan uzaq, silahla idarə olunan bir kütlə yetişdirə bilib.

"O insanların heç bir hüququ yoxdur, sivillikdən bixəbərdir, gələcəyə inamları yoxdur. Bunlar ancaq erməni hakimiyyətinin əlində bir alət kimi istifadə edilir", - o vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti