...

Polşa Seymində Dağlıq Qarabağ məsələsi qaldırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2011 11:07 (UTC +04:00)
Polşa Seymində Dağlıq Qarabağ məsələsi qaldırılıb
Polşa Seymində Dağlıq Qarabağ məsələsi qaldırılıb

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın etibarlı tərəfdaş olmasına, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının strateji xarakter daşımasına baxmayaraq, Aİ rəsmiləri tərəfindən ölkəmizin ərazi bütövlüyünə birmənalı və açıq dəstək verilməməsi, Avropa Parlamenti deputatları tərəfindən işğal edilmiş Dağlıq Qarabağa qanunsuz səfərlər edilməsi və bu səfərlərə Aİ tərəfindən rəsmi reaksiya verilməməsi təəssüf hissi yaradır. Trend-in məlumatına görə, bunu ölkəmizin Polşadakı səfiri Həsən Həsənov Seymdəki çıxışı zamanı bildirib.

Səfir Həsənov Ermənistanın təcavüzkar siyasəti nəticəsində hazırda ölkəmizdə bir milyonadək qaçqın və məcburi köçkün olduğunu, onların ağır vəziyyətdə yaşamalarına görə Ermənistanın məsuliyyət daşıdığını bildirib. Səfir hazırda ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini, qonşu ölkələrlə iqtisadi əlaqələrinin gücləndiyini bildirərək, Azərbaycanla əməkdaşlıqdan Ermənistanın da faydalana bilməsi üçün işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsinin yeganə yol olduğunu xüsusi vurğulayıb. Məlumatı çərşənbə günü XİN-in mətbuat xidməti yayıb.

Həsənov Azərbaycanın Avropaya inteqrasiyada maraqlı olmasından və bu baxımdan "Şərq Tərəfdaşlığı"na böyük önəm verməsindən danışıb, Azərbaycanda ŞT proqramı çərçivəsində Assosiasiya sazişi, Hərtərəfli İnstitusional Quruculuq proqramı, "Euronest" layihəsi və s. istiqamətində görülmüş işlər və hazırkı vəziyyət barədə məlumat verib. Çıxış zamanı enerji sahəsində əməkdaşlıq məsələləri barədə də məlumat verilib.

Sonda Azərbaycan Polşa münasibətlərindən danışan Həsənov, iki ölkə başçılarının Davos Forumu çəçrivəsində görüşdüklərini bildirib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ŞT-nin 2011-ci ilin sentyabr ayında Varşava şəhərində keçiriləcək növbəti zirvə görüşündə iştirak etmək üçün Polşaya səfər edəcəyi barədə məlumat verən səfir, bu səfərin Azərbaycanın Aİ-yə inteqrasiyasına təkan verəcəyini və Azərbaycan Polşa münasibətlərini daha yüksək səviyyəyə qaldıracağını bildirib.

Polşa Seyminin "Şərq Tərəfdaşlığı" məsələləri üzrə daimi komissiyasında Şərq Tərəfdaşlığı proqramı ilə bağlı dinləmələr keçirilib. Dinləmələrə komissiyaya daxil olan deputatlarla yanaşı, "twinning" layihəsi çərçivəsində Polşada səfərdə olan AR Milli Məclisindən nümayəndə heyəti də qatılıb.

Xəbər lenti

Xəbər lenti