...

Bakıda "Dağıdılmış mədəniyyət beşiyi - Şuşa" filminin təqdimatı keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2011 16:43 (UTC +04:00)

Fotoşəkillər əlavə olunub (birinci xəbər 14:13-də yayılıb)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir T.Hacıyev/

Bakıda çərşənbə günü "Dağıdılmış mədəniyyət beşiyi - Şuşa" filminin təqdimatı keçirilib. Trend-in məlumatına görə, tədbir "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında təşkil edilib.

Təqdimat mərasimini giriş sözü ilə İctimai Birliyin sədri Bayram Səfərov açıb. O, qeyd edib ki, Şuşa ermənilər tərəfindən işğal olunduqdan sonra orada Azərbaycan xalqına məxsus mədəniyyət abidələri dağıdılıb.

"Regional hüquqi maarifləndirmə" İctimai Birliyinin sədri Kəmalə Paşayeva qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistan Azərbaycanın tarixi və mədəni irsini talan etməyi davam etdirir.

"Dünya ictimaiyyəti ermənilərin bu hərəkətlərinə biganə yanaşır. Belə olan halda, işğal olunmuş Azərbaycan torpaqları barədə dünya ictimaiyyətinə informasiya çatdırmaq üçün bu cür filmlərin çəkilməsi əhəmiyyətlidir", - Paşayeva deyib.

Onun sözlərinə görə, "Dağıdılmış mədəniyyət beşiyi - Şuşa" bir neçə dilə tərcümə olunaraq digər ölkələrdə də təqdim olunacaq.

Filmin məsləhətçisi millət vəkili Qənirə Paşayeva isə bildirib ki, uzun illər erməni diasporu Azərbaycan xalqına qarşı təbliğat aparıb.

"Bu gün də informasiya müharibəsi səviyyəsində Azərbaycana qarşı bu kampaniya aparılır. Azərbaycan xalqının cəmi 9 milyonu Azərbaycan vətəndaşıdır. Milyonlarla insan Azərbaycan Respublikasından kənarda yaşayır. Erməni yalanına qarşı mübarizə aparmaq üçün bütün dünyada yaşayan azərbaycanlılar bir olmalıdırlar", - Paşayeva əlavə edib.

Millət vəkili onu da bildirib ki, ermənilər bir millətin tarixini, mədəniyyətini yalanlar vasitəsilə silməyə cəhd göstərirlər. Bu yalanların qarşısını almaq üçün Azərbaycanın vətəndaş cəmiyyətləri aktiv fəaliyyət göstərməlidirlər. Paşayeva belə təşkilatların fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib.

"Bu gün qarşımızda duran məqsəd Azərbaycanın işğal altında olan ərazilərində mədəniyyətimizə qarşı törədilən soyqırım aktlarını dünyaya çatdırmaqdır", - o bildirib.

Daha sonra filmin nümayişi keçirilib. Filmdə Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşanın eyni zamanda dünya mədəniyyəti və incəsənətinə verdiyi töhfələr, XIX əsrin əvvəllərindən başlayaraq ermənilərin rus imperiyası tərəfindən Şuşa da daxil olmaqla, Dağlıq Qarabağa köçürülməsi siyasəti, Ermənistanın Azərbaycanın ayrılmaz parçası olan Şuşanı işğal altında saxlaması, Ermənistan silahlı qüvvələrinin Şuşada törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus mədəni-tarixi, dini abidələri və qəbirstanlıqları tamamilə məhv etməsi və bununla da təkcə Azərbaycanın deyil, dünya tarixi və mədəniyyətinə böyük zərbə vurması barədə faktlar və sənədlər video görüntülərlə öz əksini tapıb.

Filmdə heykəlləri dağıdılmış böyük korifeylərin ailə üzvlərinin fikirləri də yer alıb.

Film Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çəklilib.

Xəbər lenti

Xəbər lenti