...

Rəsmi Bakı hesab edir ki, Ermənistan prezidentlərin Dovil bəyanatından nəticə çıxarmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2011 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir S.Ağayeva/

Rəsmi Bakı hesab edir ki, Ermənistan Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinə dair son bəyanatından nəticə çıxarmalıdır.

"Əlbəttə, biz prezidentlərin Fransanın Dovil şəhərində "səkkizlər"in görüşü zamanı verdikləri bəyanatı alqışlayırıq. Prezidentlər Barak Obama, Dimitri Medvedev və Nikola Sarkozinin münaqişənin indiyədək həll olunmaması ilə bağlı narahatlıqları başa düşüləndir və məmnunluq doğurur. Buna görə də, onlar münaqişənin tezliklə danışıqlar yolu ilə həllini vurğulayırlar, biz də buna böyük əhəmiyyət veririk", - cümə günü Trend-ə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Rusiya, ABŞ və Fransa prezidentləri Medvedev, Obama və Sarkozi Azərbaycan və Ermənistan liderlərini "siyasi iradə nümayiş etdirməyə və iyunda keçiriləcək Ermənistan-Azərbaycan sammiti zamanı əsas prinsiplər üzərində [Dağlıq Qarabağ tənzimlənməsi üzrə] işi başa çatdırmağa çağırıblar.

"Gələcək yubatma tərəflərin razılıq əldə etməyə tərəfdar olduqlarını sual altında qoyacaq", - ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin birgə bəyanatında deyilir.

Məmmədov deyib ki, danışıqlar prosesi indiyədək Ermənistan tərəfinin günahı üzündən uzadılıb.

"Hələ 2009-cu ilin sonunda Ermənistan tərəfi verilmiş təkliflərə müsbət münasibət bildirsə də, sonradan mövqeyini dəyişərək bu günə qədər vaxt itirilməsinə səbəb oldu. Bundan sonra isə həmsədrlərin danışıqlar prosesini davam etdirməsi, yenilənmiş variantın hazırlanması, qiymətləndirmə missiyasının hesabatı və nəticədə isə status-kvonun dəyişməsi zərurəti doğurdan da münaqişənin həlli ilə bağlı irəliyə addım atmağı vacib edir. Lakin mən hesab edirəm ki, bu müraciət birbaşa Ermənistan tərəfinə ünvanlanıb. Baxmayaraq ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yenə də beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir. Hamı bilir ki, Azərbaycan torpaqlarını Ermənistan işğal edib və bu statusda saxlayır. İndi bu status-kvo belə qala bilməz, onun dəyişməsi vacib hesab edilir. Bunun üçün də ilk növbədə 7 rayon Ermənistan tərəfindən işğaldan azad edilməlidir, özü də sülh və danışıqlar yolu ilə", - PA rəsmisi deyib.

Məmmədovun sözlərinə görə, bu münaqişənin sülh və danışıqlar yolu ilə həllini ən çox istəyən dövlət elə Azərbaycanın özüdür.

"Münaqişəyə qədər həmin rayonlarda yaşayan insanlar ora qayıtmalıdırlar, məskunlaşmalıdırlar. Burada müvafiq abadlaşdırmanın aparılması, ərazinin minalardan təmizlənməsi və digər işlərin görülməsi danışıqlar prosesində münaqişənin həllinin birinci mərhələsini təşkil etməlidir. Sonra isə digər mərhələlər davam etdirilməlidir. Referendum və onunla bağlı məsələlərin isə son mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İndi prezidentlərin bəyanatına reaksiya olaraq Ermənistan tərəfi yenə də danışıqları uzatmaq üçün bəhanələr axtarmamalı, əksinə, həmsədrlərin ortaya qoyduğu və prezident Medvedevin son vaxtlar fəal dəstəklədiyi, eyni zamanda, üç prezidentin bu gün vurğuladığı əsas prinsiplərin danışıqlar yolu ilə həll variantına razılıq verib irəliyə addım atılması üçün iradə nümayiş etdirməlidir", - Məmmədov əlavə edib.

Ermənistanın xarici işlər naziri Nalbandyan yerli KİV-ə bildirib ki, Azərbaycan həmsədrlər tərəfindən təklif olunan əsas prinsiplərin son variantına razılıq versə, danışıqlarda müəyyən irəliləyiş əldə etmək olar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Novruz Məmmədovun bəyanatlarını onun Twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində www.twitter.com/NovruzMammadov ünvanında da izləmək mümkündür.

Xəbər lenti

Xəbər lenti