...

AŞPA Bakı və Yerevan dialoqunun konkret nəticələrinə ümid edir - sədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2011 13:47 (UTC +04:00)

Qazaxıstan, Astana, 29 iyun /Trend, müxbir A.Maratov/

AŞPA Azərbaycan və Ermənsitan arasında dialoqu dəstəkləyir və ümid edir ki, gələcəkdə bu dialoq nəhəyət ki, konkret nəticələr verəcək. Bu barədə Trend-ə Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, AŞPA Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündə tərəflərin razılığa gələ bilməməsindən məyus olub.

"AŞPA əlbəttə ki, Azərbaycan və Ermənsitan arasında dialoqu dəstəkləyir, biz iki ölkə prezidentlərinin Rusiya Prezidentinin sədrliyi ilə görüşlərinin davam etdirilməsini də dəstəkləyirik", - Çavuşoğlu bildirib.

İyunun 24-də Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Kazanda keçirilən sammitdə Dağlıq Qarabağ münaqişəsinin baza prinsipləri əsasında həlli ilə bağlı razılığa gələ bilməyiblər, lakin tərəflər bu məqsədə doğru yolda irəliləyişin olduğunu bildiriblər. Bu barədə birgə bəyanatda deyilir.

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər.

"Dövlət başçıları bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu qeyd ediblər. Bu məsələlərin həlli əsas prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına kömək edəcək", - bəyanatda bildirilir.

"Görüş iştirakçıları əsas prinsiplər layihəsinin razılaşdırılması məqsədilə aparılan işin gedişini nəzərdən keçiriblər", - sənəddə qeyd olunur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti