...

Brüsseldə "Azərbaycanın post-konflikt ərazilərinin bərpası" kitabının təqdimatı keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2011 16:47 (UTC +04:00)
İyunun 20-də Brüssel şəhərində Avropa Parlamentinin baş iqamətgahında "Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar" kitabının təqdimat mərasimi keçirilib.
Brüsseldə "Azərbaycanın post-konflikt ərazilərinin bərpası" kitabının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 29 iyun /Trend/

İyunun 20-də Brüssel şəhərində Avropa Parlamentinin baş iqamətgahında "Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar" kitabının təqdimat mərasimi keçirilib. Bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə rəsmi səfəri ərəfəsində təşkil olunduğu üçün daha böyük diqqət və marağa səbəb olub.

Kitabın müəllifləri - "Qafqaz və Qloballaşma" elmi məcmuəsinin baş redaktoru Nazim Müzəffərli və Qafqazın Strateji Tədqiqatları İnstitutunun (QSTİ) direktoru Eldar İsmayılovdur. Kitabda Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonun konfliktsonrası bərpasının nəzəri və praktik məsələləri ayrı-ayrı ərazilər və sektorlar üzrə zaman amili nəzərə alınmaqla təhlil edilib. Dağlıq Qarabağ ətrafı ərazilərdə həyat təminatı sistemlərinin, infrastrukturun və iqtisadiyyatın ilkin bərpa xərcləri 30 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilib.

Təqdimat mərasiminində Avropa Parlamentinin üzvləri ilə yanaşı, Avropa Komissiyasının, Brüsseldəki səfirlik və daimi nümayəndəliklərin, elmi mərkəzlərin, QHT-lərin, işgüzar dairələrin nümayəndələri, habelə jurnalistlər iştirak ediblər. Tədbiri Avropa Parlamentinin Latviyadan olan üzvü xanım İnes Veyder açaraq, Azərbaycan-Ermənistan, Dağlıq-Qarabağ münaqişəsinin hələ də həll edilmədiyindən Avropa İttifaqının narahatlığını ifadə edib. Onun fikrincə, sülh prosesini ləngidən maneələrdən biri də problemin iqtisadi tərəfinə yetərincə diqqət verilməməsi ola bilər.

Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov öz çıxışında Azərbaycan ərazilərinin işğal altında qalmasını bütövlükdə Qafqaz regionu ilə Avropa İttifaqı ölkələri arasındakı əməkdaşlığı əngəlləyən başlıca maneə kimi qiymətləndirib. Sonra Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun (Vaşinqton, ABŞ) direktoru, kitaba ön söz yazmış professor Frederik Starr danışıb. O qeyd edib ki, münaqişənin ədalətlə həll edilməsi, Azərbaycan ərazilərinin işğaldan tezliklə azad olunması təkcə regionun deyil, bütün dünyanın, o cümlədən Avropanın da maraqları dairəsindədir və bu yöndəki beynəlxalq səyləri gücləndirmək artıq zərurətə çevrilib.

Əsərin həmmüəllifi Eldar İsmayılov kitabda qaldırılmış məsələlər haqqında iştirakçılara müfəssəl məlumat verdikdən sonra onların çoxsaylı suallarını cavablandırıb.

İştirakçılar münaqişənin həllindən sonra bölgədə ayrı-ayrı sahələrin bərpası və inkişafına yatırılacaq investisiyaların mümkün mənbələri haqqında da fikir mübadiləsi aparıblar.

Azərbaycanın post-konflikt ərazilərinin bərpası layihəsi Qafqazın Strateji Tədqiqatları İnstitutu tərəfindən Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə həyata keçirilir. Brüsseldəki təqdimat mərasimi London və Vaşinqton şəhərlərində keçirilmiş təqdimatlardan sonra üçüncüsüdür.

Xəbər lenti

Xəbər lenti