...

Ukrayna Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək - Prezident

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2011 17:40 (UTC +04:00)
Ukrayna maksimum səy göstərəcək ki, Dağlıq Qarabağ münaqişəsi 2013-cü ildə Ukrayna ATƏT-də sədrlik edən zaman nizamlansın.
Ukrayna Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək - Prezident

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Ukrayna maksimum səy göstərəcək ki, Dağlıq Qarabağ münaqişəsi 2013-cü ildə Ukrayna ATƏT-də sədrlik edən zaman nizamlansın. Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Viktor Yanukoviç öz erməni həmkarı ilə mətbuat konfransında deyib. Məlumatı RBK-Ukrayna yayıb.

"Biz ATƏT-in Minsk qrupunun üzvü deyilik, lakin bizim həm Azərbaycan, həm də Ermənistanla gözəl tərəfdaşlıq, dostluq, ticari-iqtisadi münasibətlərimiz var və bu münaqişənin dinc yolla həlli bizim marağımızdadır, Ukrayna xalqının marağındadır", - Yanukoviç bildirib.

Ermənistan Prezidenti Serj Sarkisyan qeyd edib ki, Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş ola bilərdi, lakin baş tutmadı.

"Mən hesab edirəm ki, ən azı bir imkan əldən buraxılıb. Bu o demək deyil ki, danışıqlar prosesi başa çatıb və biz danışıqları davam etdirməyəcəyik. Bu o deməkdir ki, biz ən azı yeni görüşədək olan müddəti itirmişik", - Ermənistan Prezidenti bildirib.

Sarkisyan onu da bildirib ki, Rusiya Prezidenti Dmitri Medvedev iyunun 3-da telefonla deyib ki, vəziyyətlə bağlı fikirlərini yazılı şəkildə göndərib.

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti