...

Azərbaycan ermənilər tərəfindən 13 yaşlı uşağın vəhşicəsinə öldürülməsi ilə bağlı beynəlxalq təşkilatları məlumatlandıracaq - Prezident Adminstrasiyası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2011 11:14 (UTC +04:00)
Azərbaycan dövləti ermənilər tərəfindən 13 yaşlı uşağın vəhşicəsinə öldürülməsi ilə bağlı beynəlxalq təşkilatları məlumatlandıracaq. bu barədə Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Azərbaycan ermənilər tərəfindən 13 yaşlı uşağın vəhşicəsinə öldürülməsi ilə bağlı beynəlxalq təşkilatları məlumatlandıracaq - Prezident Adminstrasiyası

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan dövləti ermənilər tərəfindən 13 yaşlı uşağın vəhşicəsinə öldürülməsi ilə bağlı beynəlxalq təşkilatları məlumatlandıracaq. Bu barədə Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Bu faktla bağlı bütün beynəlxalq təşkilatlara, sülhyaratma prosesində iştirak edən tərəflərə məlumat verəcəyik və dəfələrlə Ermənistan tərəfinin öz ordu hissələrini "mələk" kimi qələmə verməsi fikrini ifşa edəcəyik", - Həsənov bildirib.

Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

PA rəsmisi bildirib ki, bu hadisə ermənilərin simasını bir daha açdı və onların vəhşi üsullara əl atdığını bir daha göstərdi.

"Müharibənin də öz qaydaları var. Uşaq oyuncağının içərisinə partlayıcı maddə yerləşdirib çayla bir kəndə axıtmaq sözün həqiqi mənasında vəhşiliyin nümunəsidir", - Həsənov deyib.

Ermənilər tərəfindən son vaxtlar bu qəbildən olan hadisələrin mütəmadi törədildiyini vurğulayan Həsənov ermənilər tərəfindən bu ilin martında 9 yaşlı uşağın snayperlə öldürülməsi, 1994-cü ildə çaya buraxılan oyuncağın partlaması nəticəsində iki azyaşlı uşağın həlak olması, birinin isə yaralanmasını misal göstərib.

"Bu hadisələr Ermənistanın Cənubi Qafqazda sülhə, barışığa, insanların dinc yaşayışına nə qədər mane olduğunu göstərir", - şöbə müdiri vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti