...

Dövlət Komissiyası: Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4043 nəfər itkin düşmüş şəxs qeydiyyatdadır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyul 2011 16:09 (UTC +04:00)
Bu il iyulun 1-dək 4043 nəfər itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyatdadır.
Dövlət Komissiyası: Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4043 nəfər itkin düşmüş şəxs qeydiyyatdadır

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu il iyulun 1-dək 4043 nəfər itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyatdadır.

Trend-in Komissiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 13 nəfərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir və girov götürülməsi müəyyənləşdirilib.

Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 30 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib.

Dövlət Komissiyası və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin aradan qaldırılması istiqamətində işlər davam etdirilib.

Bu istiqamətdə Komissiyanın işçi qrupunda aparılmış işlərin nəticəsi kimi 53 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib.

Araşdırma zamanı 18 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və adları müvafiq siyahıya salınıb.

24 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb.

24 nəfərdən 9 nəfərinin həlak olduğu, 10 nəfərinin itkin düşmədiyi, 3 nəfərin adının siyahıda təkrar getdiyi, 2 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşməsi faktı müəyyənləşdirilib.

Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 473 nəfər barədə 708 sorğu göndərilib.

1000-dən artıq itkin barədə toplanmış əlavə məlumat və materiallar onların axtarış-araşdırma işlərinə əlavə olunub.

Respublika Hərbi Prokurorluğundan daxil olmuş sorğuya əsasən, Dövlət Komissiyasında itkin düşmüüş şəxs kimi qeydiyyata alınmış şəxslərin siyahısı müvafiq qaydada hazırlanaraq (həmçinin elektron versiyası) bu quruma göndərilib.

Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş sorğuya əsasən, fərarilik faktı ilə bağlı barələrində cinayət işi açılmış 80 hərbçi ilə bağlı araşdırma və təhlil işi aparılıb və məlumatlar bu quruma göndərilib.

Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində (BQXK) itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 195 şəxslə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar (o cümlədən anket məlumatlar), təhlil edilib və sistemləşdirilərək müvafiq bazalara əlavə edilib.

Hesabat dövründə Dövlət Komissiyasına 554 sənəd daxil olub, 657 məktub (sorğular, müraciətlər, daxil olmuş məktublara cavab və s.) aidiyyətı üzrə göndərilib.

Xəbər lenti

Xəbər lenti