...

Azərbaycan XİN Ermənistanı götürülən öhdəlikdən artıq silahlanmada suçlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2011 11:27
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı götürülən öhdəlikdən artıq silahlanmada suçlayır
Azərbaycan XİN Ermənistanı götürülən öhdəlikdən artıq silahlanmada suçlayır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı götürülən öhdəlikdən artıq silahlanmada suçlayır.

"Bu gün Ermənistan Silahlı Qüvvələrində 48 884, Dağlıq Qarabağda isə 45 min şəxsi heyət var. Bu bir yerdə 93 min nəfərdən çoxdur. Azərbaycan isə 1992-ci ildə üzərinə götürdüyü öhdəliyə əsasən, 70 min şəxsi heyət saxlayır", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı GUAM Parlament Assambleyası və Baltik Assambleyasının Bakıda keçirilən "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransda çıxışında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsinin 2-ci katibi Elçin Hüseynli deyib.

Hüseynli bildirib ki, Azərbaycanın əldə etdiyi silah-sursat enerji infrastrukturunun mühafizəsinə yönəlib.

Ermənistanın əsassız olaraq Azərbaycanı regionda silahlanma balansını pozmaqda günahlandırdığını vurğulayan XİN rəsmisi bildirib ki, Ermənistan daha çox hərbiləşir.

"Ötən il Ermənistan 16 min, ondan əvvəlki il isə 78 min ədəd "Kalaşnikov" avtomatı alıb. Bu onu göstərir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır", - Hüseynli əlavə edib.

Onun sözlərinə görə, Ermənistana silah satışına Latviyanın "Latspeceksports" şirkəti də cəlb olunub. XİN təmsilçisi konfransda iştirak edən Baltik Assambleyasına üzv olan parlamentarlara müraciət edərək, onları bu məsələni araşdırmağı çağırıb.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlara toxunan Hüseynli deyib ki, Ermənistan uzun illər ərzində əldə edilən razılaşmalardan geri çəkilib.

"Həmsədr dövlətlər isə beynəlxalq hüquq predmetlərinə göz yummalı oldular", - XİN rəsmisi bildirib.

Hüseynli deyib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni hərəkətlər edir.

"Ermənistan tərəfindən Azərbaycan ərazilərində qondarma seçkilər, tədbirlər keçirilir. Azərbaycanın mədəniyyət abidələri dağıdılır. Hətta həmsədr ölkələrdən şirkətlər cəlb etməyə çalışırlar. Rəsmi Bakı buna heç zaman imkan verməyəcək", - o əlavə edib.

Hüseynli qeyd edib ki, Ermənistanın Rusiya ilə əlaqələri regionda qeyri-sabitliyə səbəb olur.

"Regionun ən kiçik dövləti olan Ermənistan bu gün Rusiya ilə mühüm hərbi siyasi sazişlərə malikdir. Regiondakı münaqişələr bölgənin inkişafına ciddi mane olur. Bu münaqişələr həll olunarsa, Cənubi Qafqaz iqtisadi baxımdan inkişaf etmiş bölgəyə çevrilər. Azərbaycanın mövqeyi bəllidir - regionda münaqişələr həll olunmayana qədər birgə layihələrdən söhbət gedə bilməz", - XİN rəsmisi deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti