...

Aİ-nin tvinninq layihəsi üzrə əlaqələndirici-müşaviri "erməni soyqırımı"nı tanıdığı barədə yayılan məlumata aydınlıq gətirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2011 16:00 (UTC +04:00)
Avropa İttifaqının tvinninq layihəsi üzrə əlaqələndirici-müşavir Yonas Çekuolis qondarma "erməni soyqırımı"nı tanıdığı barədə Azərbaycan mətbuatında yayılan fikirlərə aydınlıq gətirib.
Aİ-nin tvinninq layihəsi üzrə əlaqələndirici-müşaviri "erməni soyqırımı"nı tanıdığı barədə yayılan məlumata aydınlıq gətirib

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir M.Əliyev/

Avropa İttifaqının tvinninq layihəsi üzrə əlaqələndirici-müşavir Yonas Çekuolis qondarma "erməni soyqırımı"nı tanıdığı barədə Azərbaycan mətbuatında yayılan fikirlərə aydınlıq gətirib.

Azərbaycan mətbuatında Yonas Çekuolisin erməni lobbisinə xidmət etdiyi barədə məlumat verilmişdi. Bu fikrin təsdiqi kimi köhnə bir informasiyaya istinad edilir ki, o Litva Seyminin deputatı olduğu dövrdə 1915-ci il hadisələrinin "erməni genosidi" kimi tanınması haqqında Seymin qərar layihəsini imzalayıb. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov mətbuata açıqlamasında məsələnin araşdırılacağını demişdi.

Trend-in məlumatına görə, Çekuolis yaydığı bəyanatında deyib ki, həmin qətnamə imzalandığı dövrdə o illərin hadisələri barədə tam məlumata malik deyildi.

"Əgər bu hadisə indi baş versə idi, təbii ki, həmin sənədin altında mənim imzam olmazdı. İkincisi, 2004-cü ilin aprelində - Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti olduğum dövrdə "Ermənistanda vəziyyət" məsələsi müzakirə olunarkən AŞPA-nın iclasına mən sədrlik edirdim. İndiki kimi yadımdadır, erməni nümayəndə heyəti digər ölkələrdən olan tərəfdarları ilə birlikdə qətnamənin mətninə düzəlişlər etməyə cəhd göstərirdilər. Həmin düzəlişlər həqiqətə uyğun deyildi və beynəlxalq hüququn qəbul olunmuş prinsip və normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinə zidd idi. O vaxt iclasa sədrlik edənə (yəni ki, mənə) yalnız müxtəlif prosedur boşluqlarından istifadə etməklə böyük bir biabırçılığın qarşısını almaq nəsib oldu. Çünki həmin axşam iclasda iştirak edən deputatların sayına görə, səsvermə öncədən proqnozlaşdırılması mümkün olmayan və Azərbaycan üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilərdi. Azərbaycan nümayəndə heyətinin iclasdan sonrakı təşəkkürlərini indi də yaxşı xatırlayıram. Maraqlıdır, görəsən "erməni lobbisinə xidmət edən adam" həmin iclasda yaranmış vəziyyətdə necə hərəkət edərdi?", - Çekuolis bəyanatında bildirib.

O deyib ki, hazırda onun iştirakı ilə Litva Seymində Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycanın ərazi bütövlüyünə dair qətnamənin qəbuluna hazırlıq prosesi gedir.

"Siyasi karyeram dövründə özüm haqqında çox "nağıllar" eşitmişəm və artıq buna öyrəşmişəm. Amma qətiyyətlə deyirəm ki, mənim erməni diasporu ilə sıx əlaqələrimə dair fantaziyaların heç bir əsası yoxdur. Şəxsi xarakterli hücumları şərh etmək istəmirəm, çünki bu, "çirkli" jurnalistikanın üsuludur. Əbəs yerə deyil ki, xatırlatdığımız məqalə müəllif imzası olmadan dərc edilib. Çox təəssüf ki, qəzetlər bu tipli uydurmaların yayılması üçün istifadə olunur. Ancaq bütün bunlar mənim Azərbaycan xalqına olan məhəbbətimi və ehtiramımı azalda bilməz, Milli Məclisdə Avropa İttifaqının tvinninq layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsinə təsir edə bilməz", - Çekuolis qeyd edib.

Xəbər lenti

Xəbər lenti